Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, qədim abidələri, görkəmli elm və incəsənət xadimləri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, “Vikipediya”da Azərbaycan SSR Xalq Artisti Fatma Muxtarova, ilk azərbaycanlı heykəltəraş qadın Zivər Məmmədova, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar incəsənət xadimi İzzət Seyidova və peşəkar xalça ustası, “Əmək veteranı” medalı laureatı Zibeydə Şeydayeva haqqında məqalələr əsaslı redaktə olunub.
Məqalələrdə Azərbaycan mədəniyyətində, incəsənətində iz qoymuş qadın şəxsiyyətlərimizin həyatı, fəaliyyəti, yaradıcılığı və mükafatları haqqında məlumat verilib.
Qeyd edilib ki, Şərqin ilk heykəltəraş qadını Zivər Məmmədova yaradıcılığında görkəmli şəxslərin fərdi obrazlarını ardıcıl surətdə tədqiq edib. O, 1950-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb. Bu abidə bəstəkarın naturadan çəkilmiş yeganə portreti kimi tarixə düşüb. Zivər xanım görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anasıdır.
Ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirən Zibeydə Şeydayevanın toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilən ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilib. Ən qocaman əmək veteranı Zibeydə Mikayıl qızı Şeydayeva 1981-ci ildə 121 yaşında vəfat edib.
1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülən İzzət Seyidovanın əsərləri bu gün də Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və digər muzeylərdə sərgilənir. Onun Əyyub Fətəliyevlə birgə çalışdığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dizaynı 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti günlərində nümayiş olunub və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tembrinə görə qüvvətli metso-soprano səsin sahibi Fatma Muxtarova çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Görkəmli sənətkar Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilib, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb.
“Vikipediya”da bu istiqamətdə məqalələrin yaradılması və redaktə olunması davam edir.