Naxçıvanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda iştirak edib - FOTOLAR
Sentyabrın 22-29-da Qırğızıstanın Çok-Tal kəndində “İssık-Göl regionunun arxeoloji irsinin öyrənilməsi və qorunması: Narrativ beynəlxalq aspekt” mövzusunda keçirilən beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən qədim Gəmiqaya təsvirləri barədə çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.
NUHÇIXAN xəbər verir ki, konfransın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdə yayılan qayaüstü təsviri sənət nümunələri, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri haqqında məlumat verib, Azərbaycanda tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib.
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Gəmiqaya təsvirlərinin məzmunu və tarixləndirilməsi” mövzusundakı çıxışında Gəmiqaya təsvirlərini tarixi-arxeoloji aspektdə, keramika məmulatı üzərindəki rəsmləri və qaya təsvirlərini müqayisəli şəkildə təhlil edib. O, həmin təsvirlərin dünya incəsənətinin nadir nümunələr kimi diqqəti cəlb etdiyini, qədim tariximiz haqqında dərin məzmuna sahib olduğunu vurğulayıb.
Bildirilib ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya muxtar respublikanın Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da imzaladığı Sərəncamın icrası nəticəsində abidə ətraflı tədqiq olunub, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb.
Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə olunub, onlar bərpa edilərək yenidən xalqa qaytarılıb.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “Qobustan Milli Təbii-Tarix Qoruğunun menecmenti” mövzusunda çıxış edib.