Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtlarını açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, 2020-ci ildə 6 tutulma hadisəsi müşahidə ediləcək. Bunların 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib. Ən çox tutulma hadisəsi isə 2038-ci ildə gözlənilir. Həmin il 7 tutulma hadisəsindən 3-ü Günəş, 4-ü isə Ay tutulması olacaq.
2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə ediləcək. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.
Həmin il Günəş tutulması iyunun 21-də baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 7.46-da başlayacaq və saat 13.34-də sona çatacaq. 5 saat 48 dəqiqə davam edəcək tutulma hadisəsi Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə ediləcək. Tutulma Azərbaycan ərazisi üçün saat 8.47-də başlayıb saat 11.05-də sona çatacaq.
Növbəti Günəş tutulması isə dekabrın 14-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 17.34-də başlayacaq və saat 22.53-də sona çatacaq. 5 saat 19 dəqiqə davam edəcək tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okeanda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edildiyi kimi, 2020-ci ildə 4 Ay tutulması müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Tutulma hadisəsi saat 21.08-də başlayacaq və saat 01.12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23.11-də olacaq. Bu hadisəni Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
İkinci Ay tutulması iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək. Tutulma hadisəsi saat 21.46-da başlayacaq və saat 01.04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23.26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
Üçüncü Ay tutulması iyulun 5-də baş verəcək. Tutulma hadisəsi saat 03.07-də başlayacaq və saat 05.52-də sona çatacaq. Bu tutulmanı Cənub-Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Lakin bu hadisə Azərbaycanda müşahidə olunmayacaq.
Dördüncü Ay tutulması noyabrın 30-da baş verəcək. Bu, 2020-ci ilin axırıncı yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 11.32-də başlayacaq və saat 15.53-də sona çatacaq. Tutulma hadisəsi Şimali və Cənubi Amerikada, Avstraliyada və Asiyanın bəzi bölgələrində müşahidə olunacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə edilməyəcək.