NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Təhsil Nazirliyinə hamiliyə verilmiş ixtisasların tələbələri ilə təcrübəqabağı konfrans keçirilib.
Konfransda “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev bildirib ki, muxtar respublikada təhsilin bütün pillələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar imkan verir ki, pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr səmərəli təcrübə keçsinlər.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov isə qeyd edib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 234-ü ixtisas seçimi zamanı bu ali təhsil müəssisəsini seçib. Həmin abituriyentlərdən 113-ü pedaqoji profilli ixtisaslarda təhsil alırlar.
Qeyd edək ki, universitetin 106 tələbəsi bu il oktyabrın 1-dən noyabrın 15-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhərindəki 11, 15 nömrəli və Babək rayonunun Kərimbəyli kənd tam orta məktəblərində pedaqoji təcrübədə olacaqdır. Pedaqoji təcrübə, tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
Əbülfəz Dünyamalıyev