Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyində Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, tədbiri muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açaraq Turan Cavidlə bağlı xatirələrini bölüşüb.
Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı, Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın, Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Fəridə İbrahimova çıxış edərək tədbirin keçirilməsinin Turan Cavidin xatirəsinə dərin hörmətin təcəssümü olduğunu bildiriblər.
Çıxış edənlər muzey tərəfindən nəşr olunan “Turan Cavid. Ömür səlnaməsi” kitabını yüksək qiymətləndiriblər.