NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova XXI Beynəlxalq Təhsillə bağlı Texnologiya və Xidmətlər sərgisində iştirak etmək üçün dəvət alıblar.
Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət heyətinin qərarı ilə aktuallığı və elmi-pedaqoji əhəmiyyətinə görə müəlliflərin “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, “Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”, “Təbiətin möcüzəsi-su”, “Naxçıvan Muxtar Respublikasının mineral suları” və “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” kitabları oktyabrın 12-dən 15-dək Soçidə keçiriləcək sərgidə nümayiş olunacaq. Sözügedən kitabların rus və ingilis dilində 3 səhifəlik xülasələri sərginin kataloqunda dərc ediləcək.