Bütün peşələrin fövqündə dayanan məslək

A- A A+

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən yer üzündə müəllimdən şərəfli ad tanımıram.

                                                  Heydər Əliyev

                                 Azərbaycan xalqının ümummilli lideri

Dünyadakı yüzlərlə sənətin fövqündə dayanan məşğuliyyət  müəllimlik peşəsidir. Çünki bütün peşə sahiblərinin, hətta müəllimliyi belə seçənlərin üzünə elm, bilik xəzinəsinin qapısını açan, onları öyrədən yenə də müəllimdir. Dövrünün tanınmış mütəfəkkiri  Məhəmməd Hinduşah Naxçıvani əbəs yerə “Müəllim bəşəriyyətin xilaskarıdır. Öz xilaskarına isə bəşəriyyət hər zaman borcludur” - deməyib. Bu baxımdan da müasir dövrümüzdə yetişməkdə olan  gənc nəsil ən yaxşı müəllimlərini özünün idealı hesab edir. Müqəddəs məslək  hesab edilən müəllimlik şərəfli, məsuliyyətli, çətin və yaradıcı peşədir. Müəllim öz ömrünü şam kimi əridərək xalqın gələcəyi olan gənc nəsillərin təlim-tərbiyəsi ilə məşğul olur. İnsan tərbiyəsi isə ən çətin və məsuliyyətli bir işdir. On görə də bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini, çətinliyini nəzərə almaq lazımdır. Müəllimliyi seçənlər xüsusi peşə qabiliyyətlərinə-didaktik, akademik yaradıcı, təşkilatçılıq, ünsiyyət, konstruktivliyə və s. malik olmalıdır. Qabiliyyətlərlə yanaşı, müəllimin pedaqoji ustalığı da bu peşənin vacib şərtləri sırasındadır. Pedaqoji ustalığa malik müəllim təlimin səmərəliliyini artırmaq üçün prosesə təsir edən bütün vasitə və metodların əlaqəsini yarada bilir.

Müasir müəllimdə cəm olan qabiliyyət və peşəkarlığın qayəsi cəmiyyət üçün yararlı, hərtərəfli inkişaf etmiş, vətənpərvər vətəndaş tərbiyə etməkdir.

Əbədi və bəşəri peşə olan müəllimlik yalnız cəmiyyətin deyil, ölkə rəhbərinin də daim diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə həmişə müəllim əməyini yüksək dəyərləndirib, onların maddi-rifah halının günü-gündən yaxşılaşdırılmasının qayğısına qalıb, layiqli müəllimlərin əməyini yüksək qiymətləndirib. Müəllimlərə ehtiramını hər zaman hiss etdirən Ulu öndər çıxışlarının birində demişdir: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilinin inkişaf etməsinin və nəhayət, xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır”.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artması Ümummilli liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin və dövlətin etibar etdiyi şəxsdir. Cəmiyyətin gələcəyi olan gənc nəslin formalaşması və əsl vətənpərvər kimi yetişməsini müəllimlərə etibar etdiyi kimi hər bir müəllimin də dövlət və cəmiyyət qarşısında öhdəlikləri var. Bu öhdəliklər “Təhsil Haqqında qanunda” öz təsbitini belə tapıb: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”.

Müəllimin cəmiyyətdəki rolu və nüfuzunun yüksək olduğunu nəzərə alaraq müxtəlif peşə sahiblərinin adının sonunda hörmət əlaməti olaraq “müəllim” kəlməsi işlədilir. Bu cür yanaşma müəllim adının ucalığı və bu ada olan ehtiramla bağlıdır.

Dünyanın bir çox ölkəsində 5 oktyabr tarixi “Müəllim günü” kimi qeyd olunur. Müəllimlərin hüquqlarının müdafiəsi və artırılması məqsədilə 1966-cı ilin 5 oktyabrında UNESCO-nun “Müəllim günü”nün təsis edilməsi haqqında qəbul etdiyi qərar Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, 1993-cü ilin 5 oktyabrında rəsmiləşdirilib. 1993-cü ildən başlayaraq hər il ölkə müəllimlərinin peşə bayramı dövlət səviyyəsində qeyd olunur.

Müəllim əməyinə verilən qiymət bu günün müəllimlərinin məsuliyyətini daha da artırır. Çağdaş dövrdə bu peşəni seçənlər öyrədən şəxs olmaqla yanaşı, daim özü də öyrənən, elmi-metodik axtarışlarda olan, yeni düşüncələrini həyata keçirməyi bacaran, dil bilgisinə sahib, mənəvi-etik keyfiyyətlərə, pedaqoji və psixoloji hazırlığa, yeni texnologiyalardan istifadə bacarığına malik, humanizm və vətənpərvərlik hisslərini özündə təlqin edən, dərin bilikli və nüfuzlu şəxs olmalıdır. Onun şəxsi həyatı, cəmiyyətdəki mövqeyi, şagirdləri, tələbələri ilə rəftarı və ünsiyyəti nümunə olmalıdır. Müəllim yüksək əxlaqi keyfiyyətlərə, mənəviyyata və mədəniyyətə, dönməz əqidəyə malik olmalıdır.

Muxtar Respublikada fəaliyyət göstərən ali məktəblərdə müəllimlik ixtisaslarına hər il tələbə qəbulu aparılır. Lakin Azərbaycan ali məktəbləri içərisində Naxçıvan Müəllimlər İnstitutu müxtəlif ixtisaslar üzrə sırf müəllim kadrları hazırlayan yeganə ali təhsil ocağıdır. Muxtar respublika rəhbərinin gündəlik diqqət və qayğısı ilə əhatə olunmuş bu ali məktəb gələcək müəllim kadrlarının hazırlanması məqsədilə yaradılıb. Bu gün burada yaradılan yüksək şərait və aparılan məqsədyönlü işlər təhsilin keyfiyyətində əsaslı dönüş yaradıb. Müəllim üçün savadlı şagird və tələbə yetişdirmək nə dərəcədə məsuliyyətlidirsə, cəmiyyəti də eyni zamanda savadlı, bilikli vətənpərvər pedaqoqlarla təmin etmək də bir o qədər məsuliyyətlidir. Ona görə də Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji kollektivi məsuliyyəti dərindən dərk edir və davamlı olaraq öz üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Ən yeni tədris proqramları və innovativ layihələrin tətbiqi məhz bu mərama xidmət edir.  

İnstitutun yeni binasının açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı, kollektivi bu münasibətlə təbrik etməsi və gələcək fəaliyyət üçün verdiyi tapşırıqlar da  bu gün professor-müəllim heyətinin də məsuliyyətini artırıb. Məqsəd yuxarıda qeyd etdiyimiz kimi, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

 

                                                                Arif Ağalarov

                     Naxçıvan Müəllimlər İnstitutunun dekanı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: