Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsi çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatını keçirib.
NUHÇIXAN xəbər verir ki, müəlliflər kollektivi tərəfindən hazırlanan kitabda Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının tarixi, mənəvi-mədəni kökləri araşdırılır, əsas təkamül mərhələləri nəzərdən keçirilir.
Kitabda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafında rolu və xidmətləri, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində azərbaycançılığın inkişafı və digər məsələlər öz əksini tapıb. Həmçinin müasir dövrdə Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətinin əsas istiqamətləri və nəticələri, azərbaycançılıq ideologiyasının və multikultural dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti geniş işıqlandırılır.
Kitab milli dövlətçilik məfkurəsinin tarixi və nəzəriyyəsi sahəsində tədqiqat aparan mütəxəssislər, eləcə də bu məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru tarix elmləri doktoru, professor Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə və başqaları çıxış ediblər.
Xatırladaq ki, “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” layihəsinin rəhbəri AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.