NUHÇIXAN xəbər verir ki, 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib.
Tədbirdə İnstitutun rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Müəllimlər İnstitutun binası ötən il yenidən qurulub. Təhsil ocağında lazımi tədris şəraiti yaradılıb, maddi-texniki bazası gücləndirilib. 21 tələbə ilə fəaliyyətə başlayan institutda hazırda 1300-dən artıq tələbə bakalavr səviyyəsində, 60-a yaxın tələbə isə magistr səviyyəsində təhsil alır. Bu ildən etibarən institutda 3 yeni ixtisas üzrə tələbə qəbuluna başlanılıb. Psixologiya, İngilis dili və Tarix müəllimliyi üzrə ixtisaslar açılıb. Yeni açılan ixtisaslarda yerli tələbələrlə yanaşı xaricdən gələn tələbələr də təhsil alır.
Bu il Naxçıvan Müəllimlər İnstitutuna yüksək balla qəbul olan tələbələrin sayı 37 nəfərdən 68 nəfərə qalxıb. Ali təhsil müəssisəsində çalışan 101 müəllimdən 6-sı elmlər doktoru, 4-ü professor, 42-si fəlsəfə doktoru, 36-sı dosentdir.
Rektor 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda çalışan pedaqoqların timsalında bütün müəllimləri təbrik edib, onlara şərəfli işlərində uğurlar arzulayıb.
Professor Akif İmanlı və gənc müəllim Ayşən Seyidova ölkəmizdə, o cümlədən muxtar respublikamızda müəllim əməyinə verilən dəyərdən danışıblar.
Sonda tələbələrin ifasında musiqi nömrələri səsləndirilib, kompozisiya nümayiş olunub.
Əbülfəz Dünyamalıyev