NUHÇIXAN-ın məlumatına görə, "Türk ədəbiyyatı" aylıq fikir və sənət dərgisinin bugünlərdə işıq üzü görən yeni sayı millət vəkili, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 70 yaşına həsr olunub.
Dərgidə müxtəlif ölkələrdən olan ədəbiyyatşünasların, yazarların İsa Həbibbəyli şəxsiyyəti haqqındakı fikirləri, geniş məqalələri dərc olunub.
Yavuz Akpınar "İsa Həbibbəyli: 70 yaşın astanasında", Rəşad Məcid "İsa Həbibbəyli haqqında", Mişel Bozdəmir "Avropadan baxanda İsa Həbibbəyli", Orxan Ars "Eşq, elm və bir alim", Pərvin Nurəliyeva "Ədəbiyyatımızın parlaq ulduzu: İsa Həbibbəyli" (tərcümə: İmdat Avşar), Rüstəm Behrudi "İçində işıq gəzdirən ada, yaxud dərsdə Aristotel poetikasından danışan müəllim: İsa Həbibbəyli" məqalələriylə akademikin yaradıcılığını, elmi fəaliyyətini və ədəbi xidmətlərini şərh ediblər.
Eləcə də Daniya Zagidullina "Taleyin hökmdarı və elmin aşiqi" (tərcümə: Sərdar Acar), Əzi Mirəhmədov "Qocaman nəsillərin davamçısı", Nizami Muradoğlu "İnsanın taleyi", professor Bəxtiyar Əliyev "Böyük elm adamı, qənaət öndəri və siyasətçi: İsa Həbibbəyli", Bədirxan Əhmədli "Akademik konkteksdə İsa Həbibbəyli", professor Darhan Kıdırali "Türk dünyasının İsa Həbibbəylisi" (tərcümə: Əbdülqədir Özkan), Abid Tahirli "Mirzə Cəlil irsinin davamçılarını axtararkən" (tərcümə: Vüsalə Musalı) məqalələriylə azərbaycanlı alimin bədii və elmi portretini yaradıblar.
Dərgidə, həmçinin, İsa Həbibbəylinin qələmindən də nümunə var. Onun burada yer alan "Türk dünyası ədəbiyyatlarının dövrlərə ayrılma məsələsi və inkişaf mərhələləri" məqaləsini Türkiyə türkcəsinə Həmzə Öztürkçü çevirib.