Naxçıvan Bölməsində iki kitabın təqdimatı olub - FOTOLAR
AMEA Naxçıvan Bölməsində Bölmənin Bioresurslar İnstitutunun “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” və “Naxçıvan Muxtar Respublikasının florası-Capparaceae juss (Kəvərkimilər) və Clemaceae Bercht.et J. Presl (Kleomakimilər)” adlı kitabların təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin özünəməxsusluğundan bəhs edib. Alim diyarın faydalı bitkilərinin öyrənilməsi, introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərini həyata keçirən Bioresurslar İnstitutunun fəaliyyətindən söz açıb.
İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan sözügedən hər iki nəşri də biologiya elminin zənginləşməsinə xidmət edən vəsait kimi yüksək dəyərləndirib və müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri” adlı vəsaitin həmmüəllifləri Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, institutun əməkdaşları professor Əliyar İbrahimov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Teyyub Paşayev və aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevdir. Nəşrdə Bioresurslar İnstitutunda öyrənilən və təcrübədə sınaqdan keçmiş, tətbiqyönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqinin nəticələri əks olunub.
Qeyd olunub ki, akademik Tariyel Talıbov və institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının florası-Kəvərkimilər və Kleomakimilər” adlı nəşrdə isə həmin fəsilə bitkilərinin sistematik tərkibi dəqiqləşdirilib, növlərin biomorfoloji, areoloji və botaniki-coğrafi xüsusiyyətləri öyrənilib, onların fitokimyəvi tərkibi araşdırılıb.