Təhsil sisteminin inkişaf tendensiyası və pedaqoji innovasiyalar sahəsində toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Hazırda təhsil sistemində texnologiya termininin işlənilməsinə və başa düşülməsinə münasibətlərdə müxtəlif meyllər, yanaşmalar mövcuddur.
Pedaqoji texnologiyaları daha yaxşı başa düşmək, onun səmərəli inkişafını və tətbiqini təmin etmək üçün həmin anlayışın mahiyyətini izah etmək lazımdır.
Texnologiya sözü yunan mənşəlidir, “tekhne” (bacarıq) və “loqos” (öyrənmə, elm) sözlərindən yaranıb. Mahiyyətcə məhsulun hazırlanması bacarığını, istehsal prosesinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu ifadə edir. Yaxud, başqa bir mənbədə texnologiya hər hansı bir işin görülməsi zamanı istifadə olunan üsulların cəmini bildirir.
Pedaqoji prosesdə texnologiya nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin birgə fəaliyyət sistemidir. Həmçinin texnologiya pedaqoji prosesin paradiqmalarını müəyyən edən elə ardıcıllıq sistemidir ki, onun tətbiqi kamil insanda tələb olunan keyfiyyətləri formalaşdırmağa xidmət edir.
Müasir pedaqoji texnologiyalar – pedaqoji prosesin tərkib hissəsi olub, təhsilin bütün sahələrində, eləcə də məktəbəqədər təhsilin səmərəli qurulması baxımından mühüm əhəmiyyətə malikdir.
Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir.
Təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər təhsil uşaqların fiziki, psixoloji, intellektual inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi qarşısında duran başlıca məqsəd mütərəqqi dünyagörüşə, milli, ümumbəşəri əxlaqa, mənəvi və mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq, cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan məktəbəqədər təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Təhsil sistemində əsas dəyər uşaqdır. Çünki böyüyən şəxsin həyatında məktəbəqədər dövr məsuliyyətli hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin hələ 2010-cu ildə qəbul etdiyi qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilib.
Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.
Məktəbəqədər təhsildə diaqnostika texnologiyası dedikdə, uşaqların məktəbə hazırlanması və bu məqsədlə məktəbəhazırlıq qruplarında təlim və tərbiyə işinin təşkili məsələləri əsas yer tutur.
Müasir cəmiyyətin inkişafı məktəbəqədər sahənin, xüsusilə məktəbə hazırlıq təhsilinin qarşısına yeni tələblər qoyur. Qeyd edək ki, uşağın məktəbə hazırlanması təhsil sisteminin əsas pedaqoji tələblərindəndir. Bu iş dövlət siyasətinin əsas sahələrindən biridir. Uşaqların məktəb təhsilində uğur qazanması üçün hər bir uşağın bu mərhələni lazımi səviyyədə keçməsi lazımdır.
Məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyaları daha ətraflı, kompleks şəkildə öyrənmək və mənimsəmək bu sahənin təhsil nümayəndələri üçün zəruridir. Təhsil sistemində məktəbəqədər pillədə həyata keçirilən islahatlar bu zəruriliyi yaradır.
Lalə Allahverdiyeva
Pedaqogika üzrə fəlsəfə doktoru