Tarix İnstitutunda dəyirmi masa: Azərbaycan və Çin Böyük İpək yolunda - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Azərbaycan və Çin Böyük İpək yolunda” mövzusunda dəyirmi masa keçirilib.
NUHÇIXAN xəbər verir ki, dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, rəhbəri olduğu elmi müəssisə Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. Azərbaycan-Çin əlaqələri qədim tarixə malikdir: "Qədim İpək yolu Şərq və Qərb sivilizasiyalarını, Çin ilə Aralıq dənizi arasındakı mədəniyyətləri bir-birinə bağlayıb. Əsrlərboyu Çin xalqı qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfələr verib. İnanıram ki, bugünkü tədbir Azərbaycan və Çin tarixinin qarşılıqlı araşdırılmasına öz töhfəsini verəcək” deyə Yaqub Mahmudov qeyd edib.
Akademik diqqətə çatdırıb ki, Azərbaycan Çinlə münasibətlərə həmişə xüsusi önəm verib. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoydu. Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda tarixi İpək yolunun bərpasına həsr olunan beynəlxalq konfrans keçirilib. Konfrans Böyük İpək yolunun bərpası istiqamətində bir başlanğıc oldu.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən "İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında anlaşma memorandumu imzalanıb.
Professor Van Çaoquanq çıxışında qeyd edib ki, Çin və Azərbaycan dost ölkələrdir. O bildirib ki, qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Çinin Dünya Tarixi İnstitutu arasındakı elmi əməkdaşlıq hər iki ölkənin tarixinin araşdırılmasına mühüm töhfələr verəcək.
Çinli alim Xou Aytszyun deyib ki, Çin mənbələrində Azərbaycan və onun şəhərləri, Xəzər dənizi barədə mühüm məlumatlar var. Bu məlumatların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmasında qarşılıqlı əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Tədbirdə bildirilib ki, Tarix İnstitutunda "Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşr olunacaq. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə Yaqub Mahmudovdur.
Sonda AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasında qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq. Sənədi Tarix İnstitutu tərəfindən Yaqub Mahmudov, Dünya Tarixi İnstitutu tərəfindən isə Van Çaoquanq imzalayıblar.
Qonaqlara İrəvan xanlığının, Qarabağın və Naxçıvanın tarixinə həsr olunan kitablar təqdim olunub.
Xatırladaq ki, Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə 2015-ci ildən əməkdaşlıq edir. 2016-cı ildə isə Tarix İnstitutunda Nərgiz Axundovanın "Azərbaycan və Çin mədəniyyətlərinin tarixi əlaqələrinə dair” kitabı çap olunub.