Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilir.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi və 70 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylini təbrik edib. AMEA-nın Fəxri Fərmanını akademikə təqdim edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.
Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu ölkənin vitse-prezidenti İliana İotova ilə görüş keçirilib. İki ölkə arasında mövcud elmi əməkdaşlığın müzakirə olunduğunu deyən akademik əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Akif Əlizadə nümayəndə heyətinin Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşdüyünü və ona “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunduğunu, Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyinin ziyarət edildiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibəsində AMEA-nın son illərdəki fəaliyyəti, həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verdiyini əlavə edib.
İclasda AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunlarına dair qərar qəbul olunub.