NUHÇIXAN xəbər verir ki, Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs keçilib.
Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli akademik İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi, pedaqoji və ictimai-siyasi fəaliyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, müxtəlif problemlərə həsr olunan 12 monoqrafiyanın, 2000-dən çox elmi məqalənin, çoxsaylı tədqiqatların müəllifi olan İsa Həbibbəylinin əsərləri 70 illik şərəfli həyat yolunun, cəfakeş alim ömrünün bəhrəsidir.
Akademikin çox şaxəli yaradıcılığında Naxçıvan mövzusu özünəməxsus yer tutur. “Əsrin dörddə biri”, “Araz üstə Universitet”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “İntibahın 15 ili” və digər kitablarında, eləcə də irihəcmli “Nuhçıxandan Naxçıvana”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Duzdağ mozaikası” monoqrafik araşdırmaları nəticəsində çağdaş dövrün hərtərəfli “Naxçıvannamə” epopeyası yaranıb.
Sonda İsa Həbibbəylinin əsərlərindən ibarət sərgiyə baxış olub.
Mədinə Rəhimli