İspaniyada tələbələrə “Naxçıvan” Universiteti haqqında məlumat verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Xarici Dillər fakültəsinin müəllimi Ruqiyyə Kərimova İspaniyanın Valladolid şəhərindəki “Valladolid” Universitetində keçirilən on günlük təlimlərdə iştirak edib. Təlim müddətində universitet tələbələrinə Azərbaycan, xüsusilə də Naxçıvan haqqında geniş məlumat verilib, tanıtım videoçarxı nümayiş olunub. Naxçıvandakı tarixi abidələr, adət-ənənələr, milli geyimlər, milli musiqi alətləri, Naxçıvan yallısı və rəqslər, mineral sular, milli mətbəx, Naxçıvandakı Duzdağ müalicəvi mərkəzi barədə müxtəlif ölkələrdən olan tələbə və müəllim kollektivinə geniş məlumat verilib.
Tanıtım videoçarxını izləyən Valladolid universitetinin rəhbərliyi öz çıxışında bundan sonra da “Valladolid” Universiteti və “Naxçıvan” Universiteti arasında tələbə və müəllim mübadilə proqramının daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Təlim zamanı Ruqiyyə Kərimovanın öz ölkəsihaqqında verdiyi ətraflı məlumatın tədbirdəki hər kəs tərəfindən maraqla qarşılanması və iştirakçıların Azərbaycan haqqında xoş fikirləri tədbirə qatılan erməni tələbələri qıcıqlandırıb. “Naxçıvan” Universitetinin müəllimi muğam sənətindən danışan zaman erməni tələbə “muğam bizimdir” deyərək təxribat yaratmaq istəyib. Ruqiyyə xanım isə muğam, milli musiqi alətləri, muğam ifaçıları haqqında geniş məlumat verib. Videosüjetlərlə muğamın Azərbaycan xalqına məxsus olduğunu faktlarla sübut edərək, erməni tələbənin yalanını ifşa edib.
“Naxçıvan” Universitetinin haqqında məlumatın təqdimatı zamanı Valladolid Universitetinin tələbələrinin diqqətini çəkən məqamlardan biri də Naxçıvandakı universitetlərdə tələbə və müəllimlərin vahid geyim forması olub. Onlara vahid geyim formasının təhsil müəssisələrindəki təbəqələşməni aradan qaldırdığı izah edilib. Əcnəbi tələbələr bu təşəbbüsü alqışlayıblar.