Eramızdan əvvəl VII əsrə aid qədim Assuriya gil lövhələrində assuriyalıların “qırmızı parıltı”, müasir astronomiya elmində isə günəş fırtınası kimi göstərilən təbiət hadisəsinin izləri tapılıb. NUHÇIXAN xəbər verir ki, bununla bağlı Yaponiya və Böyük Britaniya alimlərinin apardıqları tədqiqatların nəticələri “The Astrophysical Journal” nəşrində dərc edilib.
Alimlər qeyd edirlər ki, kosmik hadisələr Yer kürəsində həyata ciddi təsir göstərir. Bu, təkcə maqnit sahəsi ilə bağlı insanların səhhətində yaranan dəyişikliklər deyil, habelə elektrik xətlərində, peyklərdə, radiodalğalarda pozulmalar şəklində özünü göstərir. Onların öyrənilməsi gələcəkdə baş verəcək fəsadların minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Bir qayda olaraq, bu cür hadisələrin səbəbi günəş küləklərinin axınının qarşılıqlı təsiri sayılır. Bunun nəticəsində Yerdə maqnit sahəsi də dəyişir.
Əvvəlki tədqiqatlar da 2700 il bundan qabaq baş vermiş günəş fırtınasının izlərini aşkara çıxarıb. Hisasi Hayakavanın rəhbərlik etdiyi elmi qrup bu fırtınanın digər izlərini tapmağa qərar veriblər. Bu məqsədlə qədim Assuriya gil lövhələrini tədqiq edən alimlər qədim Mesopotamiyanın tarixi və məişəti ilə yanaşı, astronomik sübutlar da tapıblar. Belə ki, qədimdə bütün hökmdarlar kimi, Assuriya çarları da astroloqların rəyini yüksək qiymətləndiriblər. Sonuncular isə yetərincə geniş astronomik salnamə tərtib ediblər ki, indi astronomlar həmin mənbələrdən istifadə edirlər. Hayakava və həmkarları günəş fırtınasının əlaməti olan qütb parıltısının təsvirinə rast gəliblər. Onların e.ə. 679-655-ci illərə aid olduğunu ehtimal edən alimlər qeyd ediblər ki, Assuriyanın uzaq cənubda yerləşməsinə baxmayaraq, güclü günəş fırtınasını hətta Yaxın Şərqdə də müşahidə etmək mümkün olub. Gil lövhələrin üzərində qırmızı parıltılar və qırmızı buludlar təsvir olunub. Eyni zamanda, alimlər qeyd edirlər ki, həmin dövrdə Yerin maqnit qütbü Mesopotamiyaya indikindən daha yaxın yerləşib.
Alimlər onu da müəyyən ediblər ki, 2700 il əvvəl baş vermiş elmə məlum olan günəş fırtınası o qədər güclü olub ki, Yerin ozon qatını da dəlib. Onlar qeyd edirlər ki, bənzər hadisələr sonralar da – 775 və 993-cü illərdə təkrar olub.