Tanınmış filoloq-tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkrar nəşr olunub.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində çap edilib.
İctimai birlikdən NUHÇIXAN-a bildirilib ki, “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günədək “böyük Armeniya” uydurmasına dair qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyindən danışır. Əjdər Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşən, eramızdan əvvəl III minillikdə zəngin mədəniyyətə malik qədim “Şupriya”nın ikinci adı olan “Arme” ilə əlaqələndirir. “Arme” adının “Armeniya” formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir.
Əjdər Tağıoğlu əsərdə çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvəllərində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə, müstəmləkəçi imperiyanın “Qafqaz Albaniyası”nı Kürün sol sahili ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnən “xristian qardaşları”na Qafqazda qədim “erməni evi” və “gürcü evi” tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilən bu qanlı siyasətə tarixi don geyindirmək üçün sovet dövründə “dostluq və qardaşlıq” pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirilib.
Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilən çoxsaylı tarixi “faktlar”ı sübutlarla alt-üst edir.
Xatırladaq ki, “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı 2006-cı və 2008-ci illərdə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. Tarixi sənədlər, xəritə və fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix üzrə elmlər doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçilər professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.
Kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.