ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Yupiter planetinin “troyalı asteroidləri” öyrənmək üçün 2021-ci ildə kosmosa “Lucy” stansiyasının göndərilməsi layihəsini təsdiq edib. NUHÇIXAN space.com saytına istinadla xəbər verir ki, Amerikanın Cənub-Qərb Tədqiqat İnstitutunun mətbuat xidməti yaxın günlərdə stansiyanın inşasına başlanacağı barədə məlumat yayıb.
Missiyanın rəhbəri Hel Levinson bununla bağlı deyib: “Troyalı asteroidlər” Günəş sisteminin formalaşmasının son izləridir və həmin dövrün özünəməxsus “canlı daşlaşmış” göy cisimləridir. Adı da bəşəriyyətin əcdadı “Lucy”dən götürülmüş stansiya bizim köklərimizin və Yer kürəsində həyatın yaranmasının araşdırılmasında inqilabi dəyişiklik edəcək”.
Qeyd olunur ki, “Lucy” aparatı NASA-nın 1990-cı illərdə başlatdığı “Discovery” proqramı çərçivəsində keçirilən son müsabiqənin qalibi olub. Proqramın əsas məqsədi minimum xərclərlə maksimum elmi nəticələr əldə etməkdir. “Discovery” proqramı üzrə indiyədək mütəxəssislər tərəfindən on iki orbital zond, enmə modulları və kosmik teleskoplar hazırlanıb və kosmosa göndərilib, onlardan yalnız biri missiyasını uğurla başa çatdırmadan itib. 2017-ci ilin yanvarında NASA-nın rəhbərliyi bəyan edib ki, proqramın növbəti iki layihəsi asteroidləri öyrənən “Psyche” və “Lucy” missiyaları olacaq. Birinci aparat planetin meydana gəlməsinin nüvəsi olmuş Psixeya asteroidinin yaranması və strukturunu, ikincisi isə “troyalı asteroidləri” tədqiq edəcək.
“Troyalı asteroidlər”in bir çoxu bu yaxınlarda astronomlar tərəfindən Yupiter, Mars və Neptunun orbitlərində kəşf edilib. Onların digər göy cisimlərindən fərqli cəhəti Günəş sisteminin iri planetləri ilə eyni orbitdə hərəkət etməsidir. NASA-nın cari planına görə, “Lucy” Yupiterə yaxınlaşmaq üçün altı il sərf edəcək və yalnız bu müddətdən sonra - 2027-ci ildə asteroid “qrupunu” tədqiq etməyə başlayacaq. Stansiya ümumilikdə asteroid qrupunda Günəş sisteminin ən böyük planetinin qarşısında hərəkət edən beş kiçik göy cismini, sonradan isə, 2033-cü ildən başlayaraq qaz nəhənginin izi ilə fırlanan digər qrupu öyrənəcək. Lakin həmin il Amerika aparatı Yerə qayıdacaq və qravitasiyadan istifadə edərək yenidən Yupiter istiqamətinə yollanacaq. Bu səyahət zamanı “Lucy” digər göy cisimlərinin, o cümlədən 52246 asteroidinin fotoşəkillərini də çəkəcək.
Amerikanın Cənub-Qərb Tədqiqat İnstitutunun mətbuat xidməti bildirib ki, stansiyanın yığılması işləri NASA-nın Hoddard adına Kosmik Uçuşlar Mərkəzində, Con Hopkins Universitetində və Arizona Universitetində “Lockheed Martin” şirkəti tərəfindən həyata keçiriləcək.