Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi həsr edilmiş anım mərasimi keçirilib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin həyat yolundan, zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. O, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində davam etdirib, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib.
Direktor qeyd edib ki, Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdiriblər. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib.
G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin, “Balamın məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” nəşrlərinin çap olunduğunu bildirib.
Tədbir çərçivəsində, həmçinin Ərtoğrol Cavidin zəngin irsini əks etdirən kitablar, sənəd və fotolardan ibarət sərgi nümayiş etdirilib.