NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı dərs vəsaiti çapdan çıxıb.
Kitabda həmin dövrlərdə ölkə səviyyəsində aparılan dövlət qadın siyasəti və onların müasir Azərbaycan tarixində tutduğu mövqe öz əksini tapıb. Dərslikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğunda qadınların roluna verdiyi yüksək qiymət, həmçinin, müasir dövrdə modernləşmə prosesini yaşayan ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət, yeni iqtisadi münasibətlər sistemi quruculuğunun davam etdiyi bir şəraitdə qadınların cəmiyyətdəki rolu geniş şəkildə təhlil edilib.
Müəllif “Azərbaycan qadını 1970-1990-cı illərin əvvəllərində”, “Azərbaycan Respublikasında dövlət qadın siyasəti”, “Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında qadınların iştirakı”, “Azərbaycanın ictimai-siyasi həyatında qadınların iştirakı” kimi mövzuları geniş şəkildə izah edib.