Oktyabrın 25-dən Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin ikinci mərhələsinə - səsverməyə start verilib.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NUHÇIXAN-a bildirilib ki, noyabrın 10-da səsvermə mərhələsi başa çatacaq və səsvermənin yekun nəticələrinə əsasən ən çox səs toplamış 3 təklif seçilərək Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək.
“BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsi üzrə Milli Komitənin sədri Namiq Cəlilov bildirib ki, qəbul edilən bütün təkliflər dəyərləndirilib və onların arasından qaydalara uyğun gələn 10 təklif səsvermə mərhələsi üçün seçilib.
Müsabiqənin nəticələri dekabr ayında açıqlanacaq.
Səsvermədə iştirak etmək üçün BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin veb-səhifəsinə daxil olmaq lazımdır.