Zərif qəhrəman 

A- A A+

Muxtar Respublikamızda kənd təsərrüfatı sahəsində çalışan sahibkarların əksəriyyəti kişilər olsa da, bu sahədə qadınların da sayı az deyil. Ailənin yükünü çiyinlərində daşıyan qadın, eyni zamanda ailənin dolanışığı ilə də məşğul olur. Sahibkarlığın və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması sahəsində səmərəli vasitə olduğunu nəzərə alan qadın sahibkarlar da bu işdən kənarda qalmırlar. Qadın sahibkarlığın inkişafı isə qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına  kömək edir. 

Şahbuz rayonunun Ayrınc kəndində yaşayan 64 yaşlı sahibkar qadın, ailə təsərrüfatçısı Sürəyya Quliyevanın qadın olmağına baxmayaraq kənd təsərrüfatında gördüyü iş onu tanıyan hər kəsi heyran qoyur. 20 il məktəbəqədər tərbiyə müəssisəsində çalışan Sürəyya xanım təqaüdə çıxdıqdan sonra ömrünü torpağa, kənd təsərrüfatına bağlayıb. Hər il on hektarlarla taxıl əkir. Taxıl çörəkdir, elin sərvətidir,- deyən Sürəyya Quliyeva hazırda taxıl əkini üçün 150 hektar sahədə şum aparıb.

Mexanizator peşəsi ilə əsasən kişilər məşğul olsalar da, texnika, torpaq həvəskarı olan Sürəyya Quliyeva bu işi də özünə peşə seçən azsaylı qadınlardandır. Payız, yaz aylarında traktorla torpaq şumlayır, yay aylarında isə kombaynla zəmi biçir və idarə etdiyi ağır texnikaların öhdəsindən rahatlıqla gəldiyini deyir. 64 yaşlı qəhrəmanımız Naxçıvan Muxtar Respublikasında da ilk mexanizator qadın kimi də tanınır. 

Həmsöhbətim qazandığı uğurlara öz zəhməti hesabına nail olub: Torpaq becərməyə, heyvan saxlamağa həmişə maraq göstərmişəm,- deyir. İnsan çəkdiyi zəhmətin bəhrəsini mütləq görür. Bərəkət həm torpaqdadır, həm də zəhmətdə... heyvan saxlamağın, torpaqda çalışmağın öz gözəlliyi var: 40 keçi saxlayıram. Keçinin əti təzyiq, şəkər, ürək xəstələrinə dərmandır. Heyvandarlıq təsərrüfatı çox yaxşı sahədir. Həm də gəlirlidir. Ətimiz, pendirimiz, yağımız, hamısı təbii olur.

Son illər Şahbuz rayonunda kartof əkininə də maraq artıb. Sürəyya xanım da 5 ildir ki rayonun Qanlıgöl yaylağında 3 ha torpaq sahəsi icarəyə götürərək  kartof əkir, gözəl və yüksək məhsul götürür. Qanlıgölün torpağında bitən, Xan bulağın suyu ilə becərilən kartofun isə tayı bərabəri yoxdur. 
Bağçılıqla da məşğul olan sahibkar qadın həyətyanı sahəsindəki bağında müxtəlif növ 100 ədəd calaq meyvə ağacı becərir. Bağın mövsümə uyğun bütün işlərini də özü görür. 

Sürəyya Quliyeva hər il ənənəvi olaraq keçirilən “Ailə təsərrüfatları festivalı”na çıxardığı məhsullar yüksək qiymətləndirilir, alıcı marağına səbəb olur. Təsərrüfatında hazırlanan uşqun, çöl kəvəri, yarpaq, baldırğan turşusu, qoz mürəbbəsi, üzüm çaxırı, həmərsin, üzüm arağı, dağlardan topladığı  müalicəvi otlar alıcılar tərəfindən çox alınır. 

Zəhmətkeş, qoçaq qadın bütün gün demək olar ki sahələrdə olur. “Mən torpaqsız yaşaya bilmirəm,- deyir. Çöl mənim üçün ən böyük istirahətdir. Genişlik, təmiz hava, yorğunluğumu heç hiss etmirəm... Məni belə cavan saxlayan o üzü qara olan, bizə ağ gün verən torpaqdır”. Onun bu zəhmətsevərliyini gördükdən sonra deyə bilərik ki, torpaq bir əsərdir, Sürəyya xanım da onun qəhrəmanı. Məhz bu qəhrəmanlığına görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub, dəfələrlə diplom və fəxri fərmanlara layiq görülüb. 
  
Sürəyya xanım bizimlə söhbətində xatirələrini, ötən günlərini də yada saldı. Övladlarından, nəvələrindən bəhs etdi. Uşaqlarını tək böyüdüb. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra onların həm atası, həm də anası olub. Zəhmətkeş qadının övladları da özü kimi bacarıqlı, işgüzardırlar. 

Nə deyək, biz də bu zəhmətkeş qadına həyatda və sahibkar kimi fəaliyyətində uğurlar arzu edirik. 

Türkanə Əmoyeva
Naxçıvan radiosunun əmkədaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: