AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitab hazırlanaraq Azərbaycan və rus dillərində çap olunub.
Milli Azərbaycan Tarixi Muzeyindən NUHÇIXAN-a bildiriblər ki, kitabda bu müəssisənin silahlar və bayraqlar fondunda saxlanılan, Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi kimi hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan xanların əzəli Azərbaycan ərazisi Qarabağın hakimləri kimi tanımalarının əyani sübutudur.
Kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.
Yaxın günlərdə nəşrin təqdimatı keçiriləcək.