Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) haqqında hazırlanmış məlumat kitabı (buklet) “Elm” nəşriyyatında çapdan çıxıb.
Məlumat kitabı AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə akademiyanın Rəyasət Heyəti aparatının elm və təhsil idarəsi tərəfindən hazırlanıb.
Akademiyadan NUHÇIXAN-a bildirilib ki, bukletin elmi redaktoru idarənin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, tərtibçisi və dizayneri isə idarənin rəis müavini Vüqar Haqverdiyevdir.
Bukletdə AMEA-nın yaranma tarixi, mühüm inkişaf mərhələləri, habelə elmi bölmələri və müəssisələri, əldə etdiyi mühüm elmi nailiyyətləri və beynəlxalq əlaqələri haqqında əsas məlumatlar və statistik göstəricilər öz əksini tapıb.
Həm məzmun, həm struktur, həm də dizayn baxımından olduqca yüksək keyfiyyətlə tərtib edilmiş buklet elmin populyarlaşdırılması və akademiyanın fəaliyyətinin geniş işıqlandırılması baxımından mühüm əhəmiyyətə malikdir.