NUHÇIXAN xəbər verir ki, Türkiyənin Qars Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan 3 bakalavr, 1 magistr olmaqla 4 tələbə və 1 müəllim Naxçıvan Dövlət Universitetində olub, keçdikləri ixtisaslara uyğun mühazirələr dinləyiblər.
Bir həftəlik təcrübə müddətində tələbələr universitetin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında tədris olunan dərslərdə iştirak edib, birgə müzakirlər aparıblar. Qonaqların iştirakı ilə Jurnalistika və kitabxanaçılıq kafedrasında dilçiliyin elmi-nəzəri məsələlərinə dair dəyirmi masa da təşkil edilib.
Qars Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları fakültəsinin Azərbaycan türkcəsi və Ədəbiyyatı ixtisası üzrə dosent, əslən Qazaxıstandan olan Çulpan Zaripova Çetin “Universitet” televiziyasına müsahibə verib.
Musiqi sahəsində xüsusi bacarıqları olan tələbələr İncəsənət fakültəsində konsert də veriblər. Tələbələr eyni zamanda Naxçıvanın tarixi yerlərini və muzeyləri də gəziblər.
Qeyd edək ki, layihə Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq həyata keçirilib.
Səadət Əliyeva