Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. Bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda, AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.
AMEA-nın Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, qəbul planına əsasən institut üçün “Azərbaycanın yeni və ən yeni tarixi” (1 yer), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” (1 yer), “Qədim dünya tarixi” (1 yer), “Orta əsrlər tarixi” (1 yer) ixtisasları üzrə plan yerləri nəzərdə tutulub.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsasladır.