Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyaya start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aksiya çərçivəsində şagirdlər muxtar respublika ərazisində olan qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərimizə təqdim edəcəklər.
Aksiyada fəal iştirak edən müəllim və şagirdlər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar. Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək, tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində də fəal iştirakçıya çevirməkdir.
Qeyd edək ki, ötən tədris ilində təşkil olunan aksiyada qədim tariximiz və mədəniyyətimizi əks etdirən nümunələrdən ibarət 400-dən çox eksponat müəllim və şagirdlər tərəfindən muxtar respublikanın muzeylərinə təqdim olunub.