İlk Tunc dövrünə aid yaşayış məskənləri tədqiq edilib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərlik etdiyi Xarabagilan arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Plovdağın ətəklərində aparılan qazıntılar zamanı ərazidə aşkar edilmiş ilk, orta və son tunc dövrlərinə aid məskənləri tədqiq edib.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, cari ildə arxeoloji qazıntılar Plovdağın cənub və şimal ətəklərini əhatə edən iki yaşayış yerinin xronologiyasını müəyyən etmək məqsədilə aparılıb. Bəhlul İbrahimlinin sözlərinə görə, Plovdağın cənub ətəyində yerləşən I yaşayış yerində, dağın iki zirvəsi arasında və Plovdağın şimal ətəyində yerləşən II yaşayış yerində aparılmış qazıntıların ümumi sahəsi 320 kvadratmetr olub.
Birinci yaşayış yerində 1986-cı ildə aşkarlanan və bir neçə otağı tədqiq olunan yaşayış evində qazıntılar davam etdirilib. Birinci yaşayış yerində aparılan tədqiqatlar nəticəsində abidənin iki mədəni təbəqədən ibarət olduğu, yaşayış yerinin orta Tunc dövrünün əvvəllərinə aid olduğu və eramızdan əvvəl II minilliyin sonlarına qədər davam etdiyi müəyyənləşdirilib. Məlum olub ki, yaşayış yerində evlər ümumi hasar içərisində yerləşən və ayrı-ayrı girişləri olan otaqlardan ibarətdir. Yaşayış yerindən əldə edilmiş arxeoloji tapıntılar əsasən daş alət və keramikadır. Keramika içərisində son Tunc dövrü üçün xarakterik olan boz rəngli mətbəx keramikası və çəhrayı gilli süfrə qabları çoxluq təşkil edir.
"Məbəd qalıqlarının şərq tərəfində aparılmış qazıntılar burada yaşayış evlərinin olmadığını, dağın ətəyinin birtərəfli, eni təqribən 50-70 santimetr divarlarla terras şəklində işləndiyini göstərdi. Ən böyük terrasın eni 4,2 metrdir. Divarların nə səbəbdən birtərəfli işləndiyini və terraslardan nə məqsədlə istifadə olunduğunu müəyyən etmək hələlik mümkün deyil", - deyə B.İbrahimli bildirib.
Tədqiqatçı əlavə edib ki, II sahədə qazıntılar üç fərdi yaşayış evində aparılıb. Bir saylı ev dairəvi planda olub divarları 70-80 santimetr hündürlüyündə salamat qalıb. Şərq tərəfi 50 santimetr enində, 70 santimetr hündürlüyündə daşla işlənib. Ehtimal edilir ki, bu gil qabların və ərzağın saxlanması üçündür. Otağın şimal tərəfində dairəvi planda (1,2 metr) dəhlizi, ortasında dairəvi ocaq vardır. Bu ocaq quruluşuna görə ilk Tunc dövrünün mobil ocaqlarına oxşasa da, ocaq bir dəfəlik işlənmə üçün qurulub. Qazıntı zamanı ocağın içərisindən samanlı keramika fraqmenti və otağın döşəməsindən ilk Tunc dövrü üçün xarakterik olan keramika nümunələri aşkar edilib.
Arxeoloq bildirib ki, aşkar edilən 2 və 3 nömrəli yaşayış evlərinin tədqiqi onların eyni dövrün (ilk Tunc) müxtəlif və fərqli tikinti qatlarına aid olması barədə fikir yürüdülməsinə əsas verir. Belə ki, 2 və 3 yaşayış evlərindən bir qədər sonrakı dövrə - başqa tikinti qatına aiddir. Bu fikri otağın içərisindən, üst qatdan orta Tunc dövrünə aid boyalı qab fraqmentlərinin tapılması da təsdiq edir. Tikinti qatlarının vəziyyəti, otaqların quruluşu və arxeoloji tapıntılar göstərir ki, otaqlar arasında zaman fərqi az olub. Otaqların qazıntısı zamanı ilk Tunc dövrü üçün xarakterik olan keramika nümunələri və xüsusən mobil ocaq qurğularının hissələri aşkar edilib.
Plovdağ yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, I yaşayış yeri eramızdan əvvəl II minilliyin əvvəllərindən sonuna qədər olan dövrü, II yaşayış yeri isə eramızdan əvvəl IV minilliyin ortalarından III minilliyin sonlarına qədər olan bir dövrü əhatə edir.