Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi jurnalının üçüncü nömrəsi (2019) çapdan çıxıb.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, elmi müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə bir nəzər”, türkiyəli alim Osman Fikri Sərtkayanın “Dədə Qorqud kitabı”nın neçə nüsxəsi var?”, Elnarə Cavadovanın “Kitabi-Dədə Qorqud” dastanının dilində hərbi sözlər”, Pərvin Abdullabəyovanın “Kitabi-Dədə Qorqud” dastanının dilində rənglərin üslub imkanları”, Arəstə Xudiyevanın “Anqlo-sakson və Azərbaycan eposunda demonik obraz adlarının folklor semantikası: Qrendel və Təpəgöz” məqalələri dərc edilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında rusiyalı folklorşünas alim, professor Sergey Neklyudovun “Folklor və onun tədqiqi: iyirminci əsr”, filologiya üzrə elmlər doktoru İslam Sadıq və Pərinaz Sadıqlının “Alp Ər Tonqa” dastanı”, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Edip kompleksi kontekstində dəlilik: ataya protestin mədəni-psixoloji effekti” və digər məqalələr oxucuların ixtiyarına verilib.
Jurnalın “İmadəddin Nəsimi – 650”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər” bölmələrində də maraqlı araşdırmalarla tanış olmaq mümkündür.