NUHÇIXAN xəbər verir ki, “Naxçıvan tarixi” adlı yeni dərslik çapdan çıxıb. Kitab muxtar respublikanın orta məktəblərinin 7-ci sinifləri üçün nəzərdə tutulub. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi keçirilir. Bu kitab da məhz bu məqsədlə çap edilib.
Üç bölmədən ibarət olan “Naxçıvan tarixi”ndə 15-ə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri, 50-dən çox fotoşəkil yerləşdirilib. Kitabda Naxçıvan tarixi xronoloji ardıcıllıqla, ayrı-ayrı mövzular şəklində verilib.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən dərsliyin müəllifləri İmmi Hüseynova, Həsən Həsənov, Təhminə İbrahimova, Aytəkin Məmmədova və Xülya Seyidzadədir.
Qeyd edək ki, muxtar respublika ümumtəhsil məktəblərində qədim tariximizin tədrisi gələcəyimiz olan şagirdlərin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynayacaq. Muxtar respublikanın 95 illiyinə dəyərli töhfə olan yeni dərslik nəinki ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də Naxçıvanın tarixi ilə maraqlananlar üçün faydalı mənbədir.