“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından dünya şöhrətli kimyaçı alim, Dövlət Mükafatı laureatı, akademik Yusuf Məmmədəliyevin həyat və elmi yaradıcılığına həsr olunmuş “Yusuf Heydər oğlu Məmmədəliyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb.
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına əsasən hazırlanan kitabdakı bir çox materiallar ilk dəfə olaraq dərc edilir.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, “Elm” nəşriyyatının məhsulu olan biblioqrafik göstəricidə böyük ensiklopedik biliyə malik Yusuf Məmmədəliyevin elmi-ictimai fəaliyyəti, onun neft kimyası, neft-kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri, Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlər, əsərləri və qoyduğu böyük elmi irs barədə ətraflı məlumat yer alıb.
Biobiblioqrafik vəsait məktəblilər, tələbə və doktorantlar, tədqiqatçılar, elm tarixini öyrənənlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.