“Tarix yazmaq tarixi yaratmaq qədər şərəflidir”
Nədən?-soruşdular Mustafa Kamal Atatürkdən.
“Çünki tarixi yazan öz millətinə qəhrəmanlıq tarixini yenidən yaşadar”.
Ötüb keçən zaman onu diktə edir ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixini bilən millət isə sağlam köklü çinar ağacı kimidir. Tarix ağacı isə sulanmaqla təkrar-təkrar oxunub, gənc nəslə aşılanıb, qorunaraq əbədilik var olmaq haqqı qazana bilər. Vətən tarixinə sadiq olub, ondan dərs almaq və gələcək nəsli bu əhval ruhiyyədən böyütmək vətəndaşlıq borcudur. Vətən tarixinin yenidən doğru və dolğun yazılması isə təkcə illərin qaranlıq və tozlu rəflərinə işıq tutmur, həm də bizə şanlı tariximizi yenidən yaşadır.
Ötən əsrin sonlarında suverenliyini əldə etmiş Azərbaycan qarşısında duran məqamlardan biri də bu idi ki,vətən tarixi bütün “gizlədilmiş və zirzəmilərə məhkum edilmiş” məqamları ilə birgə öyrənsin. 70 il sovet rejimi bizə bütün ali və milli dəyərlərimiz kimi tariximizdən də yadlaşdırmaq, uzaqlaşdırmaq siyasəti güdürdü. Çünki, tarixi yaddaşına yad, xalqın və millətin keçmiş izlərindən uzaq bir toplum genetik kodunu heç vaxt sorğulamayacaqdı. Ancaq qazanılan müstəqillik bizə öz milli soy kökümüzə yenidən qayıdıb, tarixi arxivləri araşdırmağa icazə verdi. Ötən 28 ildə Azərbaycan tarixini ən qaranlıq məqamlarına belə işıq tutan arxeoloji qazıntılar, elmi axtarışlar aparıldı və cild-cild kitablar yazıldı. Naxçıvan tarixi isə Vətən tarixinin əsas səhifələrindən biri kimi hər zaman diqqət mərkəzində idi. İlk insan mərkəzlərindən biri olan Nuh diyarının tarixi, coğrafiyası, ictimai-siyasi, mədəni həyatı tarixçi alimlərin diqqətində idi. Şərqin qapısı, döyüşkən şəhər Naxçıvanın tarixi səhnəsinə çıxdığı andan bəri təbii coğrafi şəraiti, Böyük İpək yolunun üzərində yerləşməsi və yerləşdiyi coğrafi mövqe təkcə ölkə üçün deyil ümumtürk dünyası və Cənubi Qafqaz xalqları üçün önəmli edir.
Ötən illər ərzində respublika tarixinin ayrı-ayrı dövrlərinə həsr olunan elmi simpozium və konfranslar keçirilib, mühüm elmi dəyərə malik kitablar yazılıb və yazılmaqdadır.
Muxtar respublikamızda yeni çapdan çıxan Naxçıvan məktəblərində 7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş “Naxçıvan tarixi”dərsliyi bu sahədə aparılan çoxillik araşdırmaların və yazılan kitabların davamıdır. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi üçün nəzərdə tutulub. “Naxçıvan tarixi”dərsliyi muxtar respublikanın 95 illiyinə dəyərli töhfədir.
Kitabdan qədim Naxçıvan torpağının tarixi səhnəsinə çıxdığı andan müasir Naxçıvan tarixi mərhələsinə qədər olan hadisələr ardıcıllıqla sadalanır. İlk insan məskənlərindən biri, mədəniyyətin beşiyi olduğu vurğulanır, Qazma mağarası, Kültəpə yaşayış məskəni, Gəmiqaya qayaları haqqında söhbət açılır. Maraqlı məqamlardan biri də Naxçıvan Babəkin başçılıq etdiyi azadlıq müharibəsinin əsas mərkəzlərindən biri kimi təqdim edilir.
IX-X əsrlərdə özünün “Naxçıvanşahlıq” dövrünü yaşayan Naxçıvan XI əsrdə Səlcuq sultanı Alp Arslanın əsas iqamətgahlarından biri olub. Müasirlərinin və tarixçilərin “Nəqşi-Cahan” adlandırdığı Naxçıvan Tarixi Atabəylər dövlətinin dövründə paytaxt kimi özünün intibah, qızıl dövrünü yaşayıb. Elə bu tarixdən qalan mədəniyyət və incəsənətində baş verən çiçəklənmə, Əcəmi yadigarları olan tarixi-memarlıq abidələri haqqında da məlumatlar yer alıb.
Əyilməzlik və məğlubedilməzlik ünvanını alan Əlincə qalası, orta məktəb tarix kitablarına salınmayan və bütün dövrlərdə üstündən sükutla keçilən IX-XI əsrlərdə Naxçıvan şahlığı, XIII-XIV əsrlərdə Makudan Qafan dağlarına qədər geniş əraziləri əhatə edən Naxçıvan tüməni də məhz “Naxçıvan tarixi”dərsliyində əks olunub.
Tarixin bütün dolanbaclı yollarında işğalçı orduların hücumuna məruz qalan, siyasi-iqtisadi hadisələrin mərkəzi olan Naxçıvan həm də mədəniyyət, incəsənət, elm, təhsil mərkəzi olub. Naxçıvanın mədəni həyatı da kitabda təfsilatı ilə yer alıb. Bu da məktəblilərin ötən əsr Naxçıvanını bütün dolğunluğu ilə öyrənməsinə səbəb olacaqdır.
Kitabda Naxçıvan Xanlığı, Ağa Məhəmməd şah Qacarın yürüşlərinə məruz qalan Naxçıvanın taleyi, Gülüstan və Türkmənçay müqaviləsi, ermənilərin Naxçıvana zorla köçürülməsi, Naxçıvanda baş verən soyqırımlar bütün həqiqətləri ilə geniş şəkildə əks olunub.
Ötən əsrin əvvəllərində öz muxtar statusunu qazanmaq üçün mübarizə aparan və qazanan Naxçıvan 70 illik Sovet rejiminin sonunda azadlıq, milli birlik ideyalarının da əsas məskəni idi. Təbii ki, vətən tarixində olduğu kimi Naxçıvanın tarixi-taleyində də dönüş oldu. Ulu öndər Heydər Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi “Sovet”, “Sosialist” sözlərindən ilk imtina edən, Sədərəyi səngər, sədd edib döyüşən, ilk müstəqillik bayrağını qaldıran Naxçıvandan bugünkü müasir işıqlı Naxçıvana qədər olan tarixin ən keşməkeşli dövrünə güzgü tutur bu kitab.
1995-ci ildən var oluşunun yeni, müasir bir dövrünə ayaq qoyan Naxçıvan etibarlı əllərdə inamlı çiyinlərdə irəli doğru yol alıb və bu gün həm də müasir Naxçıvanın tarixi yazılır. Keçmişə sadiq və ondan dərs alaraq. “Naxçıvan tarixi” həm də müasir Naxçıvan həqiqətlərini də məktəblilərə çatdırır. Bu kitabın tədrisi gələcəyimiz olan şagirdlərin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynayacaq.
Vətəni təkcə ordu qorumur, həmdə tarix qoruyar. Tarix kitabları bəzən sərhəd, bəzən səngər olur. Düzgün yazılmış tarix həm də düşmənə ən tutarlı cavabdır. Gözünü ana torpağa dikən düşmən əsassız ideyalarına Vətən tarixinin şanlı səhifələrində cavab alır. Bu gün Azərbaycanımızın güclü ordusu qədər qələmini silaha çevirən vətən sevdalısı tarixçi alimlər ortaya qoyduqları tarixi həqiqətlərlə vətəni həm də müdafiə edirlər.
Sədaqət mənəviyyatın cövhəridir deyirlər. Yalnız tariximizə sadiq qalaraq və onu mükəmməl, doğru bilməklə irəliyə doğru daha inamla addımlaya bilərik.
Fizzə Bağırova
NUHÇIXAN