Böyük elmin dayaq nöqtəsi

A- A A+

Dünya təcrübəsində ölkənin və xalqın inkişafında, ümummilli dirçəliş və tərəqqidə ümumiyyətlə təhsilin, xüsusən də ali təhsilin müstəsna rolu real gerçəklik kimi qəbul olunur. Azərbaycanda elmin, ali təhsilin, ictimai fikrin, yüksək hazırlıqlı ixtisaslı mütəxəssislərin hazırlanmasında Bakı Dövlət Universitetinin mühüm rolu xüsusi qeyd edilməyə layiqdir. Azərbaycanda 1919-cu ildə universitet səviyyəsində ali məktəbin təsis edilməsi ölkəmizdə maarifçilik hərəkatının inkişafının yeni mərhələsinin formalaşmasında mühüm rol oynamışdır. Bu, XIX əsrin əvvəllərində ölkəmizdə dünyəvi məktəblərin yaradılması hadisəsinin zaman-zaman inkişaf etdirilərək ali məktəb səviyyəsinə çatdırılması prosesinin məntiqi nəticəsidir.

Bakı Dövlət Universitetinin təşkili Azərbaycanda maarifçilik hərəkatının cəmiyyət həyatının ön mövqeyinə çıxmasının real təzahürü idi. Görkəmli ictimai xadim və böyük publisist Məhəmməd ağa Şahtaxtlının Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı olan "Azərbaycan” qəzetinin 28 iyul 1919-cu il tarixli sayında çap etdirdiyi "Azərbaycanda darülfünun adı” məqaləsində deyildiyi kimi, ölkəmizdə ali məktəb "həyatın mənbəyi-sərçeşməsi” (bulaq mənbəyi), hürriyyəti-əfkarın (azadlıq fikirlərinin) göstəricisi kimi meydana çıxmış, milli istiqlalın əsas göstəricilərindən biri olmuşdur: "Biz - Azərbaycan türkləri ictimaiyyətdə hürriyyəti-əfkarı qəbul etmişiz və bu hürriyyəti-əfkara meyil və cazibə bizim qövmi xüsusiyyətimizdir. Böylə olmasaydı ismi Avropada dastanlara keçən Mirzə Şəfi və ya Mirzə Fətəli Axundov kimi mücəssəm hürriyyət əfkarları (azad fikirli insanları) bizim içimizdən nasıl nəşət edə bilərdi?... Və madam ki, böyləyiz, Avropa masştabında mütləq və qeyri-məhdud olan hürriyyəti-əfkar üzərinə müəssis (təsis edilən - İ.H.) bir darülfünun açmalıyız ki, bu darülfünunumuz hürriyyəti-əfkarçı olduğumuzun dəlil-felisi olub, bizim istiqlal siyasətimizə toxunmaq üçün avropalıların əlindən "Siz hürriyyəti-əfkarçı deyilsiniz, sizə istiqlal verməyiz” bəhanəsini alsın”.

Beləliklə, Bakı Dövlət Universiteti Azərbaycan milli istiqlalının məşəli kimi qəbul edilmişdir. Azərbaycan maarifçiləri xalqımızın bir əsr ərzində "cəhalət dərdinin dərmanı” kimi baxdıqları məktəb açmaq düşüncəsindən universitet yaratmaq səviyyəsinə qədərki inkişafını ümummilli inkişafın nailiyyəti səviyyəsində qarşılamışlar. XIX əsrin əvvəllərindən etibarən məktəb açmaqla xalqı savadsızlıq bəlasından xilas etməyə, yazıb-oxumaq vərdişləri aşılamağa çalışan Azərbaycanın maarifpərvər ziyalıları universitet yaratmağa nail olmaqla ictimai-mədəni tərəqqinin yeni bir mərhələsinə çatmağa dərin inam bəsləmişlər.

Bu mənada Məhəmməd ağa Şahtaxtlının "Azərbaycanda darülfünun” məqaləsində ifadə edilmiş aşağıdakı mətləblər təkcə onun müəllifinin deyil, bütövlükdə Azərbaycanın maarifçi ziyalılarının universitet açmağa, mənsub olduqları xalqı bütün sahələr üzrə daha irəli mövqelərə çatdırmaq amallarının əks-sədasıdır: "Darülfünun olmazsa, nə olur? ...Ümumi maarifə aid orta məktəblərimizdə şagirdlərimizə dərs verəcək müəllimlərimiz olmaz; naxoşlarımızı müalicə edəcək təbiblər məfrud (zəruri) olur. Hüquqşünas hakimlər bulmayız ki, mal və mülk üçün münazirə (mübahisə) edən vətəndaşlarımızı və ya cinayət ibda edən (törədən) hakimlər mühakimə etsin. Darülfünun olmazsa, maarifimiz maarifçi Avropa və qonşu xristian millətlərinin mühərrirlərinə (qəzetçilərinə) ...məsəl olacaq mühərrirləri haradan ola bilər? Darülfünun olmazsa, ömrünü elm və fünuna vəqf edərək mücəssəmi-elm və fənn olan o möhtərəm vücudi-millətlərin mədəniyyət üzrə həyat sürmələri üçün labüd olan professorlar heyəti millətimizin içində nərədən çıxar, nərədən yetişər? Mədəni həyatın şəraitinə və amillərinə imhal (təhlil) nəzəri ilə baxdıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi-sərçeşməsi darülfünundur. Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan (üz döndərmək) olmaqdır... Əvvəlinci günündən... Darülfünunumuzu milliləşdirməli, türkləşdirməliyik”.

Mükəmməl Avropa təhsili almış, məşhur Sorbon Universitetinin məzunu Məhəmməd ağa Şahtaxtlının "Azərbaycanda darülfünun” məqaləsində irəli sürülmüş fikirlər XX əsrin böyük bir dövrü üçün ölkəmizin və xalqımızın ictimai-mədəni və maarifçilik baxımından inkişaf proqramı idi. Bu mənada Azərbaycan maarifçilərinin böyük səyləri ilə açılmış Bakı Dövlət Universitetinin fəaliyyəti Azərbaycan cəmiyyətinin dəyişdirilməsi, yeniləşdirilməsi və müasirləşdirilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Sözün böyük mənasında Bakı Dövlət Universiteti Azərbaycanda milliləşmə və müasirləşmə qatarının lokomotivi funksiyasını həyata keçirmişdir.

XX əsr ərzində ölkəmizdə baş vermiş əsas dəyişikliklərdə və inkişafda Bakı Dövlət Universitetinin böyük payı və rolu olmuşdur. Bakı Dövlət Universiteti ölkəmizdə geniş ali təhsil şəbəkəsi yaratmaq baxımından əsl elmi-maarifçi baza rolunu yerinə yetirmişdir. Bugünkü Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tibb Universiteti və İqtisad Universiteti Bakı Dövlət Universitetinin elmi-pedaqoji arsenalının tədris-metodiki bazasının zəminində meydana çıxmışdır. Milli ziyalılığın böyük bir nəsli Bakı Dövlət Universitetində yetişib formalaşmışdır. Ölkə üzrə elmlər doktorları və fəlsəfə doktorlarının böyük bir hissəsi Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin sıralarında da Bakı Dövlət Universitetindən olan alimlərin özünəməxsus yeri vardır.

Azərbaycan Milli Elmlər Akademiyasının vaxtilə yaradılmasında və inkişafında da Bakı Dövlət Universitetinin mühüm rolu olduğu qeyd edilməlidir. Belə ki, Bakı Dövlət Universitetinin müəllimləri və yetirmələri 1929-1932-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aparıcı qüvvəsini təşkil etmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin 29 dekabr 1932-ci il tarixdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun bazasında yaradılması nəticə etibarilə Bakı Dövlət Universitetinin ölkəmizdə ilk akademik qurumun formalaşmasında iştirak etdiyini nümayiş etdirir. Bundan başqa, sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universiteti adı ilə fəaliyyət göstərmiş bu ali təhsil ocağının müəllimləri və məzunları SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi-tədqiqat bölmələrinin aparıcı elmi heyətini təşkil etmişdir.

Elmlər Akademiyasının təsisçiləri və təşkilatçıları sıralarında da Azərbaycan Dövlət Universitetini təmsil edən alimlər xüsusi çəkiyə malik olmuşlar. Azərbaycan Dövlət Universitetindən fizika-riyaziyyat elmləri doktoru, professor Həbibulla Əmirxanov, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Abdulla Qarayev, Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Aleksandr Makalevski və başqaları ölkəmizdə fundamental akademik elmin inkişafına böyük töhfələr vermişlər. Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən biri olmuş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İvan Şirokoqorov Bakı Dövlət Universitetinin Tibb fakültəsinin ilk dekanı vəzifəsində çalışmış görkəmli alim idi.

Azərbaycan Elmlər Akademiyası ilə Bakı Dövlət Universitetinin qarşılıqlı əlaqələri Azərbaycanda elmin və ali təhsilin inkişafında mühüm rol oynamışdır. Müstəqil Elmlər Akademiyasına çevrildikdən sonra ölkəmizin ən böyük akademik qurumu böyük elmi mərkəzə çevrilmiş, digər elmi tədqiqat müəssisələrinin, ali təhsil ocaqlarının inkişafı üçün əsas mərkəz funksiyası daşımışdır. O cümlədən Azərbaycan Dövlət Universitetinin inkişafına da Elmlər Akademiyası öz töhfələrini vermişdir. Elmlər Akademiyasının prezidenti, dünya şöhrətli görkəmli alim, akademik Yusif Məmmədəliyev 1954-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Milli ali təhsil tarixini araşdıran alimlər akademik Yusif Məmmədəliyevin rektorluğu dövrünün Azərbaycan Dövlət Universitetinin inkişafında xüsusi mərhələ təşkil etdiyini iftixarla qeyd edirlər. Azərbaycan Dövlət Universitetində fundamental tətbiqi elmlərin formalaşdırılması, kimya elmləri üzrə bir çox elmi tədqiqat laboratoriyasının və kafedraların fəaliyyətə başlaması, fizika, ərəb və türk dilləri kafedralarının formalaşdırılması, elm sahələri üzrə bir sıra elmi jurnalların təsis edilməsi, nəşriyyat işinin yenidən qurulması bu ali təhsil ocağına rəhbərlik etmiş akademik Yusif Məmmədəliyevin adı ilə üzvi surətdə bağlıdır. Bakı Dövlət Universitetinin qurucu rektoru, tibb elmləri doktoru, professor Vasili Razumovskidən sonra akademik Yusif Məmmədəliyev bu ali təhsil müəssisəsinin inkişafında yeni mərhələ yaratmışdır. Ayrı-ayrı vaxtlarda Elmlər Akademiyasına və həm də Azərbaycan Dövlət Universitetinə rəhbərlik etmiş akademik Yusif Məmmədəliyev ölkəmizdə elm və təhsilin əfsanəvi şəxsiyyətinə çevrilmişdir. Dünyasını dəyişməsindən 58 il keçməsinə baxmayaraq, akademik Yusif Məmmədəliyevin Azərbaycanda akademik elmin və universitet təhsilinin inkişafındakı xidmətləri yenə də əlçatmaz bir zirvə kimi yad olunmaqdadır.

Azərbaycan Elmlər Akademiyası yarandığı vaxtdan keçən 75 il ərzində həmişə Bakı Dövlət Universitetinin tanınmış alimlərini akademiyanın həqiqi və müxbir üzvləri seçməklə, daim ali məktəb elminin və universitet təhsilinin inkişafına dəstək vermişdir. Azərbaycan Elmlər Akademiyası ilə Bakı Dövlət Universiteti arasındakı qarşılıqlı əlaqələr və birgə əməkdaşlıq nəticə etibarilə ölkə elminin və milli təhsilin inkişafına təkan verən əhəmiyyətli nümunədir.

Bakı Dövlət Universiteti bu gün də ölkə elminin əsas dayaq nöqtələrindən biri olmaq vəzifəsini məsuliyyətlə həyata keçirməkdə davam edir.

Ölkəmizin bütün sahələrində olduğu kimi, Azərbaycan Dövlət Universitetinin inkişafında da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri elm və təhsil tariximizə qızıl səhifələr əlavə etmişdir. Uzaqgörən dövlət xadimi kimi Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan Dövlət Universitetinə diqqət və qayğı göstərmək ölkəmizdə milli ziyalılığı, yüksək hazırlıqlı vətənpərvər yeni nəsilləri yetişdirib inkişaf etdirmək, respublikanın taleyini həll edəcək kadrlar formalaşdırmaq kimi dövlət əhəmiyyətli hədəflərə hesablanmış mühüm məsələlər idi. Sovet hakimiyyəti illərində sosialist-beynəlmiləlçi siyasətin ən ciddi şəkildə həyata keçirildiyi bir dövrdə, 1 noyabr 1969-cu ildə cavan dövlət rəhbəri Heydər Əliyevin heç nədən çəkinmədən Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində ana dilində təbrik nitqi ilə çıxış etməsi SSRİ miqyasında mövcud ideoloji sistemin dayaqlarını silkələyən qeyri-adi dərəcədə mühüm hadisə idi. Bu, Azərbaycan Dövlət Universitetinin nümunəsində geniş mənada ölkəmizdə milli siyasətin həyata keçirilməsinin qüvvətli parolu kimi səslənmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təntənəli yubiley mərasimində Azərbaycan dilində etdiyi tarixi nitqində səslənən aşağıdakı fikirlər ölkəmizin ilk ali təhsil ocağının xalqımızın taleyindəki roluna verilmiş ən yüksək qiymətin ifadəsidir: "Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elmi xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunu idi. ...Doğma respublika ilə birlikdə inkişaf edən, inamla qüvvə toplayan universitet qabaqcıl elm və mədəniyyət ocağına, yüksək ixtisaslı kadrlar hazırlayan ali məktəbə çevrilmişdir. Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Universitetin tarixi xidməti bundan ibarətdir ki, o, Azərbaycan ali məktəbinin bünövrəsini qoymuşdur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı tarixi sərəncam yubilyar universitetin keçdiyi şərəfli yola dövlət səviyyəsində verilmiş qiymətin parlaq ifadəsi olmaqla bərabər, həm də XXI əsrin qarşıdakı illərdəki vəzifələrinə işıq salan əhəmiyyətli siyasi-ideoloji direktivdir. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESKO beynəlxalq təşkilatı səviyyəsində qeyd edilməsinə nail olmaq ölkə rəhbərimizin ali təhsilimizi və elmimizi dünyada tanıtmaq və daha böyük hədəflərə çatdırmaq sahəsində xalqımıza qazandırdığı mühüm tarixi nailiyyətdir. Mühüm dövlət qayğısının işığında Bakı Dövlət Universitetində elm və təhsil sahəsində baş verən mühüm dəyişikliklər və canlanma, nikbinlik və səfərbərlik yubiley əhvali-ruhiyyəsi olmaqdan çox, həm də qarşıya qoyulmuş vəzifələrin şərəfini və məsuliyyətini dərk etməklə irəliyə doğru qətiyyətli addımlarla getməyin əməli ifadəsidir. Akademik elmi və universitet təhsilini daha yaxından və üzvi surətdə əlaqələndirməklə fundamental tədqiqatlar sahəsində olduğu kimi, universitet elmi və təhsili istiqamətində də böyük dəyişikliklər və mühüm nailiyyətlər əldə etmək mümkündür.

Fəaliyyəti dövründə həmişə Azərbaycan elminin inkişafında əsas dayaq nöqtələrindən biri olan Bakı Dövlət Universitetinə uğurlar arzulayıram.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: