Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın “Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili” kitabı çapdan çıxıb.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, kitab Abşeron şəraitində yayılan Myrtaceae Adans fəsiləsinin Eucalyptus L'Herit cinsinə aid növlərin botaniki-coğrafi və bioekoloji xüsusiyyətləri, introduksiya tarixi, aqrotexnikası, zərərvericilərə qarşı mübarizə üsullarının seçilməsi, perspektivliyinin qiymətləndirilməsi və dendroxronologiyasının öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrindən bəhs edir.
Bundan əlavə, nəşrdə evkalipt növlərinin Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun çoxaldılma üsulları, cücərtilərin morfologiyası, yerüstü və yeraltı orqanlarının böyümə və inkişaf dinamikası, fenoloji inkişaf fazaları, o cümlədən ekoloji mühit amillərinə qarşı davamlılığı, adaptasiya imkanları, yaşıllaşdırmada istifadə imkаnlаrı haqqında ətraflı məlumat verilib.