“Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub - FOTOLAR

376

Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb, Sərəncama əsasən ölkədə və AMEA-da müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Akademik kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib olunaraq nəşrə hazırlandığını söyləyib. Bildirib ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb.

Tədbirdə çıxış edənlər “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında fikirlərini bölüşüblər.

Kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: