Xarici ölkələrdə verilmiş elmi dərəcə və adlar haqqında sənədlərin tanınması barədə şəhadətnamələrin forması təsdiq edilib
Nazirlər Kabineti xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 7.2-ci və 7.3-cü bəndlərinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.
Qərara əsasən, xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri, ölçüsü və rəngi müəyyənləşib.
Şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.
Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri, ölçüsü və rəngi də müəyyənləşib. Şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.
Sənəddə qeyd olunur ki, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.
Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.