Amerika alimləri 47 ildən sonra Hyustondakı Lindon Conson adına Pilotlu Kosmik Uçuşlar Mərkəzinin laboratoriyasında Ay süxuru olan kapsulu açaraq onun tədqiqinə başlayıblar. NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) məlumat yayıb.
Qeyd olunub ki, bu süxur Ayın səthindən 1972-ci ildə “Apolon-17” proqramının iştirakçıları tərəfindən gətirilib. Bütün bu illər ərzində reqolit toxunulmaz olaraq qalıb və onun qatları qarışmayıb. NASA-nın alimi Sara Noubl bildirib ki, hazırda aparılan analizlər ötən əsrin 70-80-ci illərində mümkün olmayıb. Onun sözlərinə görə, süxurun tədqiqi alimlərin Yerin təbii peykinin geoloji strukturu haqqında məlumatlarını zənginləşdirəcək və 2024-cü ildə nəzərdə tutulan ekspedisiyaya hazırlıq işlərinə kömək edəcək.
NASA bu ilin yazında bəyan edib ki, Ay süxurunun tədqiqi məqsədilə Amerikanın 9 elmi mərkəzi seçilib. Onların arasında agentliyin və ABŞ HHQ-in strukturları, habelə ölkənin 4 nüfuzlu universiteti var. Ümumilikdə Aydan 1971-1972-ci illərdə hermetik qapalı konteynerlərdə gətirilmiş üç nümunə üzərində tədqiqat aparılacaq. Onların biri mənfi 20 dərəcə Selsi temperaturda, ikincisi vakuum şəraitində və azot olan otaqda, üçüncüsü isə helium kamerasında saxlanılıb. Dondurulmuş nümunənin tədqiqinə 6 aydan sonra başlanacaq, vakuum konteynerinin açılması isə bir il sonra həyata keçiriləcək.
1969-1972-ci illər ərzində ABŞ-ın altı Ay missiyası çərçivəsində Yerə 382 kiloqram süxur, qum və toz nümunələri gətirilib. Onlar Yerin təbii peykinin altı müxtəlif rayonlarından götürülüb. Bu nümunələrdən 75 faizi toxunulmamış qalır.