Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin ideya müəllifliyi və “Ön söz”ü ilə Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” nəşr edilib.
Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, akademik İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” dövrü” adlı “Ön söz”ündə böyük demokrat yazıçının həyatı və yaradıcılığından, mollanəsrəddinçi müasirlərinin xidmətlərindən geniş bəhs olunur. Cəlil Məmmədquluzadənin Sofiyada çap olunmuş “Seçilmiş əsərləri”nin Bolqarıstan Milli Kitabxanasında akademik İsa Həbibbəylinin iştirakı ilə geniş təqdimatı və müzakirəsi keçirilib.
Cəlil Məmmədquluzadənin İlk dəfə bolqar dilində çap olunan “Seçilmiş əsərləri”nin məsul redaktoru Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykovadır. Tərcümənin redaktoru Bolqarıstan Sofiya Dövlət Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreskadır.
Əsərləri Azərbaycan dilindən bolqar dilinə Sofiya Şiqayeva Mitreska (“Poçt qutusu” və “Molla Fəzləli”), Sofiya Dövlət Universitetinin türkologiya ixtisası üzrə təhsil alan tələbələri Aysun Yumer (“Kişmiş oyunu”), Alper Emurlov (“Usta Zeynal”), Çiydem Aliosmanova (“Saqqallı uşaq” və “Dəllək”), Liliya Yordanova (“Nigarançılıq”) və Janet Nikolova (“Bəlkə də qaytardılar”) tərcümə ediblər. Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun “Boyan Penev” nəşriyyatında işıq üzü görən kitabın korrektoru Emiliya Aleksiyeva, dizayner və naşiri isə Katerina Blkovadır.
Qeyd edək ki, indiyə qədər akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə Cəlil Məmmədquluzadə irsinin dünyada tanıdılması istiqamətində onun əsərləri Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2007), Ukraynada (2010), Macarıstanda (2011), Gürcüstanda (2016), Litvada (2017), Özbəkistanda (2018), Tacikistanda (2019) və Bolqarıstanda (2019) işıq üzü görüb.