Necə xəbərsiz gəldi həyatımıza yenə bu payız… Duyulmadan, hiss edilmədən ağaclar sarılı, qırmızılı libasa bürünür. Elə bil ağaclar bu geyimdə daha müdrik və nurlu görünür. Yarpaqlar yavaş-yavaş saraldıqca zəifləyir, zəiflədikcə də gücdən düşür. İndi onlar öz yerində əvvəlki kimi möhkəm dayana bilmir. Külək də taqətdən, gücdən düşmüş yarpaqları qalib ədası ilə bir andaca budağından üzüb yerə səpələyir. Günlərlə davam edən bu gedişdən sonra sanki torpağın üstünə rəngli yarpaqlardan toxunan bir xalı döşənir. Lakin bu xalı evlərimizi döşəyən xalılardan bir az fərqlidir. Üzərinə ayaq basdıqca xışıldayan, kövrəkləşib parçalanan bu xalı ana-nənələrimizin deyil, payızın özünün əl işidir… Payız özü də bu yurda ayaq basdığı üçün sevinclidir sanki… Gah çiskinli yağmuru, torpağa hopan bənzərsiz yağış qoxusu, gah da yağışın ardından çılpaqlaşan ağac budaqlarının arasından göz qırpan ürkək günəşi, isti yay günlərinin ardından üşüdən sazağı ilə payız təbiətin əynindən yaşıl donunu necə də ustalıqla çıxarıb. Yayda coşub daşan, yerə-göyə sığmayan ana təbiət bax beləcə ona qucaq açan payıza təslim olub. Çılpaqlaşan ağaclar yavaş-yavaş torpağın qoynunda qış yuxusuna hazırlaşır. Təbiət sanki dərin bir sükuta qərq olur, ətrafa sakitlik çökür. İndi nə yayın qızmar günlərində səs–səsə verib nəğmələşən quşların xoşagələn avazı eşidilir nə də cırcıramaların səsi…
Hər fəslin öz gözəlliyi, öz rəng çalarları var. Amma payızın rəngləri daha gözəldir, daha füsunkar və cəlbedicidir. Payız bizi sehrləyən tamam başqa bir sirli aləmdir. Bu libasda hər şey bir az ərköyün, bir az çılğın, bir az da kövrək görünür. Kövrələn kimi də topa-topa buludlar da göz yaşlarını axıdır. Bəlkə əsrlərin yadigarı olan doğma diyarım özü də əyninə biçilmiş bu bənzərsiz donu qəribsəyir, bu donun onun hüsnünə necə yaraşıq olduğunu bilmədən… Belə bir gözəlliyə tamaşa edən və onun içində yaşayan bizlər isə xoşbəxtik.
Payız bizi daha ümidli səhərlərə səsləyir. Yaranan xoş mənzərələr insanın ruhunu cana gətirir, duyğuları dilləndirir. Təsadüfi deyil ki şairlərin, yazıçıların, rəssamların qələminin ilham qaynaqlarından biri də elə payız fəslidir. Payız nəğmələrə, şeirlərə, rəsmlərə öz rəngi ilə nəfəs, həvəs, can verib. Aşıb-daşan sonsuz duyğuların, arzuların, xəyalların memarı olub.
Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.
Payızın məharətini saymaqla necə bitirək. O, gəlişi ilə neçə-neçə ailələrə bolluq, bərəkət, sevinc bəxş edir. Evlərdən körpə qığıltısı, ana laylası eşidilir. İnsanların üzü gülür, könüllərinə sevinc qonur, ümid dolu səhərlərə daha rəngarəng arzularla boylanırlar. Nə payızın soyuq nəfəsi, nə dolub boşalan buludların çılğın göz yaşları insanları qorxutmur. İndi onlar hər şeydən qorunmaq üçün payız ovqatında olan arzularına bürünürlər.
Ömürdən ötən hər payız insan ömrünə necə də bənzəyir elə deyilmi? Payızda ağacların yarpaqları saralıb töküldüyü kimi, insanların da düşüncələri saralıb xatirəyə dönərək söz-söz, cümlə-cümlə, səssiz, səmirsiz ağ vərəqlər üzərinə səpələnir. Nədənsə, bu fəsildə xəyallara daha tez-tez dalaraq keçmişimizi, ötüb arxada qalmış günlərimizi yada salıb xatırlayırıq. Yaşanan aylar, günlər, anbaan, xatirələrimizə hopur. Ömrümüzün üstünə bir yaş daha gəldiyini anlayan sonsuz xəyallarımız ötüb keçən illərdə yorulmadan dolaşdıqca dolaşır. Payız bizi öz ovsununa alıb aparır. Bütün bu düşüncələr payızı hüzn fəsli adlandırmağımıza səbəbdir bəlkə də..
Bir çox insanlar qışı, bəziləri yayı sevərkən mən nədənsə ilk bahara bir də payıza vurğunam. Hüzün ləqəbli payızın qəm, kədər fəsli olduğunu düşünmək isə hər zaman qəribə bir fikir kimi görünüb mənə... Çünki mənə görə payız duyğuların fəslidir. Payızda daha çox sevib-sevilirlər. Bəlkə də elə buna görə də çoxları payız fəslinin gəlişini həsrətlə, intizarla gözləyir, biz payızın islandığımız yağışına, gözlərimizə toz üfürən, saçlarımızın formasını pozub bir-birinə qarışdıran küləyinə, ayaqlarımıza dolaşan xəzanına deyinərkən, hansısa bir evin pəncərəsi önündə bir şairin qələmindən payızın ən gözəl şeiri yazılır bəlkə də...
Payızı hiss edin... Çətirlə narın yağışdan gizlənməyin, ondan qaçıb sığınacaq axtarmayın.. İzin verin payız küləyi saçlarınızın arasına qarışsın, ona qanaq versin. Bu anı, bu dəqiqəni, bu saatı, bu günü və nəhayət ömür təqviminizdən su kimi axıb gedən bu payızı bir də geri qaytara bilməyəcəksiniz! Bir anlıq kədərləndiyinizi hiss etdim sanki... Baxın hüznlü olan payız deyil, məhz elə bu düçüncələrdir.
Dünya bina olandan bu payız neçəncidir görəsən. Yox! Bəlkə də bu düşüncəyə düşmək də yanlışdır. Nə fərqi var neçənci payızdır. Bu payızı da yaşayaq. Qoy gələn fəsillərin payızı olsun. Qədəmləri mübarək olsun. Payız gəlişi ilə küləklərin qucağında bizə buz bulaqların, meşələrin sərinliyini, dağların əzəmət və vüqarını gətirsin! Təki ömrümüzün payızı gəlməyə tələsməsin, bir az ləngisin, bir az yubansın, bir az gözləsin. Qoy ömür karvanımız asta-asta öz yolu ilə davam eləsin. Gələn hər qızılı payız ömrümüzə rəng qatsın, xoş günlər, xoş anlar gətirsin...
Şüküfə Vidadiqızı
Naxçıvan televiziyasının əməkdaşı