Nəsillər boyunca bir çox yazar, alim qədim yazıların dilini öyrənməyə, mənasını açmağa çalışdı. Şumer, Akkad, Minoa, Aztek, Maya dillərinin mənasını bilmədiyimiz, izini itirdiyimiz yazılarında bəzən uğurlu nəticələr əldə etsək də, bəzən də Etrusk yazılarında olduğu kimi müvəffəqiyyətsizliyə uğradıq. Bu sehrli dünyanın sirli yazıları tam olaraq açılmadı. Bu gün də yazırlar, yazırıq... Bəs yazılanlar oxunurmu?! Gələcək nəsillər yazılanları oxuyacaqmı?!
Eramızdan əvvəl dördüncü əsrdə Menandr belə deyirdi: “Oxumagı bacaranlar ikiqat görürlər”.
Texnologiyanın inkişafı, internet, sosial şəbəkələrin imkanları hər gün müxtəlif yazıların, müəlliflərin, yeni-yeni imzaların inkişafına xidmət edir. Bu gözəldir, mədəni inkişafın bir qapısı da ola bilər. Lakin, bütün danışa bilənlərin həm də yaza bilmə iddiası, ciddi ədəbiyyat oxucularının və əsl ədəbi tənqidçilərin azlığından qaynaqlanmırmı?!
İnformasiya bolluğu içərisində, zaman məhdudiyyətini də nəzərə alsaq, müasir gənclik əslində daha çox nəyi oxuyacağını tam aydın seçə bilmir. Və böyük tələbə auditoriyalarında çoxluq təşkil edən suallardan biri də “Biz nəyi oxuyaq?” sualıdır. Bu suala Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı” əslində bir cavab oldu. Ali təfəkkürlə oxunaraq seçilmiş, məhz gəncliyin şəxsiyyət kimi inkişafına xidmət edə biləcək əsərlər bu siyahıya xüsusi ustalıqla salnıb.
Ədəbiyatda belə bir deyim var: “Yazmağı bilmirsinizsə yazmayın, oxumağı bilmirsinizsə öyrənin!”
Oxumağı öyrənmək! Bir millətin və dövlətin gələcəyi onun ziyalı vətəndaşlarından asılıdır. Ziya isə ancaq oxuyaraq, öyrənərək qazanılır. Oxuyaraq zənginləşən insan gələcəyin insanıdır. Yalnız o, kütlə arasında fərqlənə bilər.
Nəzərə alsaq ki, müasir ədəbiyyat interperensiyada daha güclü və daha oxunaqlıdır, o zaman müasir yazarların daha məsuliyyətli olması çox mühüm, vacib bir məsələdir. Çünki, müasir ədəbiyyat ultramodern hesab olunur və birbaşa təsir gücünə malikdir. Yeni velosipedi kəşf etmək absurd fikirdir, lakin gənclik öz zəkasını idarəetməyi öyrənməlidir. Müasir yazarların öhdəsinə düşən də məhz budur. Oxucunu maarifləndirəcək əsərlər yazmaq.
Qədim Şumerlərin “Təbiəti oxumaq” adlı əfsanəsini yada salmaq yerinə düşərdi.
Varisini taxta hazırlayan hökmdar onun şəxsiyyət kimi yetişməsi üçün böyük ustadın yanına göndərir. Ustad ilk dərs olaraq şagirdini meşəyə göndərir və tapşırır ki, bir il sonra qayıda bilər və eşitdiyi bütün səsləri danışmalıdır. Bir il sonra şagird geri qayıdır və eşitdiyi bütün səsləri-quşların nəğməsindən, yarpaqların xışıltısından, arıların vızıltısından və mehin pıçıltısından danışır. Ustad qane olmur və gənci yenidən meşəyə öyrənməyə göndərir. Meşəyə qayıdan gənc uzun müddət təklikdə təbiəti dinləyir, təfəkkürlə təbiətə fokuslandıqca onu daha aydın anlayır. Vədəsi tamam olanda ustadının yanına qayıdır, daha əvvəl eşitmədiyi səslərdən danışır: çiçək necə açır, kainat necə işıqlanır, qaranlıq işıqdan necə qorxur, təbiəti oxuduğunu anlayır. Ustad razılıqla başını tərpədir – eşidilməyəni eşitmək, təbiəti oxumaq ən böyük ərdəmdir - deyir.
Oxumağı bacaranlar bəsirət gözü ilə görürlər. Müqəddəs kitabımız “Oxu! Yaradanın adı ilə Oxu!” kəlamı ilə başlamırmı?!
Əgər ədəbi proses-yazmaq və oxumaq prosesi milli və bəşəri ənənələr üzərində təşəkkül tapırsa, deməli hər bir yazı bəşəriyyətin tarixinə çevrilə bilər.
Bu zaman ədəbi proses insanı – həvəskar yazan və ya peşəkar yazar millətin, bəşəriyyətin taleyi üçün məsuliyyət hissini unutmamalıdır.
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü