Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi uşaqların intellektual, fiziki və psixoloji inkişafının təmin edilməsi mühüm vəzifələrdən biridir. Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlanmasında, eyni zamanda onların sadə əmək bacarıqlarına yiyələnməsi, istedad və qabiliyyətlərinin aşkar edilməsi, həyati qabiliyyətlərinin formalaşmasında özünəməxsus yer tutur. Məktəbəqədər təhsildə cəmləşən bütün bu keyfiyyətlər uşaqların pedaqoji prosesdə sosiallaşma imkanlarının genişlənməsinə mühüm şərait yaradır.
Dünya təhsil sisteminə inteqrasiya olunduğu indiki dövrdə təhsil sistemində çox mühüm irəliləyişlər özünü büruzə verir. Təhsilin ilkin pilləsi kimi məktəbəqədər təhsilin istiqamət və tələblərində aparılan dəyişikliklər Azərbaycan təhsilinin müasir inkişaf mərhələsinin əsas xüsusiyyətləri özünü göstərir.
Hazırda Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeni sisteminin qurulması üzrə bir çox yeniliklər həyata keçirilib. 2010-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı (kurikulum)” təsdiq edildi. Dövlət standartların tətbiqi məktəbəqədər təhsildə hər bir uşağın məktəbdə uğurlu təlimi üçün bərabər start imkanlarını təmin edir. Uğurlu təhsilin formalaşması, ictimai həyatda öz mövqeyini qoruması məktəbəqədər dövrdə qoyulmuş təməlin ən bariz nümunəsidir.
Məktəbəqədər təhsilin mühüm məqsəd və vəzifələri konseptual sənəd olan kurikulumda təsbit olunub. Hər bir tərbiyəçi pedaqoji fəaliyyətin qarşıya qoyulan tələblərini reallaşdırmaq üçün məktəbəqədər təhsilin kurikulum sənədi ilə yaxından tanış olmalıdır. Milli təhsil konsepsiyası nəzdində fəal təlim metod və texnikalarından istifadə olunmaqla müasir tələblərə cavab verən yeni gənc nəsil yetişdirilir. Fəal təlim metodları üzərində qurulan məşğələlər ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəkildə fəaliyyət göstərməsinə imkan yaratmaqla yanaşı, onların bilik, bacarıq və istedadlarının nümayiş etdirilməsinə də şərait yaradır. Bu təlim metodu məktəbəqədər yaşlı uşaqların inkişafı üçün çox yaxşı bir texnologiyadır.
Artıq Azərbaycan təhsili də özünün orijinal təhsil sisteminin konseptual əsasını təşkil edən kurikulum təhsil sistemi ilə mühüm irəliləyişlərə nail olmuşdur. Məktəbəqədər təhsilin milli təhsil konsepsiyası əsasında dövlət standartı hazırlanarkən bir çox keyfiyyətlər diqqət mərkəzində saxlanılıb. Həyatda uğur qazanmaq üçün uşaqlarda həyati bacarıqları inkişaf etdirmək, onları dəyişən həyat şəraitinə uyğunlaşmağı bacaran bir şəxsiyyət kimi formalaşdırmaq bu təhsil sisteminin əsas vəzifələrindən biridir.
Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövr uşaqlar üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşmasına imkan yaranır. Tərbiyəçi tərəfindən müəyyən bir problemin qoyulması və uşaqların öz təsəvvürləri nəticəsində hər hansı bir fərziyənin irəli sürülməsi onları müəyyən fəaliyyətə təhrik edir. Uşaqlarda düşünmə qabiliyyətini möhkəmləndirir.
Uşaq bağçalarında valideynlərlə işin səmərəli təşkili nəticəsində uşaqlarda intellektual bacarıqlar formalaşmış olur. Uşaqlar müəyyən fəaliyyətin məqsədini dərk etmək, üsullar seçmək, nəticəni yoxlayıb işdə qarşıya çıxan çətinlikləri dəf etməklə işi müvəffəqiyyətlə sona çatdırmaq bacarığı formalaşdırır.
Zeynəb Mehdiyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi