Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən çap edilib. Monoqrafiyanın müəllifləri Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli və həmin institutun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Əsərin elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.
Azərbaycan elm tarixində bir ilk olan monoqrafiyada qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqlar və tarixşünaslıq araşdırılıb. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.
Kitab hazırlanarkən əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilib.
Monoqrafiyada bir çox elmi yeniliklər var. Belə ki, ilk dəfə tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif olunub, təsnifat haqqında ayrıca məlumat verilib, “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər çıxarılıb, bir çox ingilisdilli ədəbiyyatdan istifadə edilib. Həmçinin Azərbaycan mətbuatında təbabətə dair mövcud məlumatlar müxtəlif istiqamətlərdə araşdırılıb və ilk dəfə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalardan istifadə olunub.
Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.