Tələbələr istehsalat təcrübəsində olublar - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində təcrübə keçirlər.
Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təcrübə zamanı tələbələrdə meliorasiya və su təsərrüfatı sahəsi barədə ətraflı məlumat verilir, tətbiq edilən yeniliklər, müasir suvarma sistemləri, hidrotexniki qurğular barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı təmin olunur.
Gələcəyin melioratorları Komitənin aparatı və tabe təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olur, müxtəlif şöbələrin iş prosesində iştirak edirlər. Təşkilatların tikinti obyektlərinə, xidmət idarələrinə və müvafiq sahələrə Komitə tərəfindən səfərlər təşkil edilir.
Təcrübə iştirakçıları həmçinin Şahbuz rayonunun Türkeş kəndində tikintisi aparılan qapalı suvarma şəbəkəsinin və Külüs kəndindəki nasos stansiyasının ərazisində olublar. Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi və nasos stansiyası vasitəsilə Şahbuz rayonunda 700 hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılacaq. Sonra tələbələrə mütərəqqi suvarma sistemlərinin qurulması, tətbiq edilməsi, nasos stansiyalarının tikintisi, suvarmanın təkmilləşdirilməsi barədə geniş məlumat verilib.
Bir neçə həftə davam edəcək təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətlərində istifadəsini təmin etmək, onlarla mütəxəssislər arasında əlaqələri gücləndirməkdir.