Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” (“Real history and confabulation on “Great Armenia”) kitabı təqdim olunub.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “böyük Ermənistan” adlanan dövlətin olmadığının isbatına həsr edilib.
Kitab Tarix İnstitutunun elmi şurasının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Tarixçiləri İctimai Birliyi tərəfindən nəşr edilib.