AMEA-nın İctimai Elmlər Bölməsinin fəaliyyəti daha da genişlənib

A- A A+

Bu gün AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaq bölmənin tərkibinə daxil olan elmi-tədqiqat müəssisələrinin nailiyyətlərini əks etdirən kitab və jurnallardan ibarət sərgiyə baxışla başlayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katiblər və aidiyyəti olan şəxslər iştirak ediblər.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, əvvəlcə akademik İsa Həbibbəyli çıxış edərək İctimai Elmlər Bölməsinin fəaliyyətinin daha da genişləndiyini, bölmə üzrə göstəricilərin, elmi nailiyyət və mühüm nəticələrin artdığını nəzərə çatdırıb. O, impakt faktorlu jurnallarda dərc olunan məqalələrin və istinadların sayının artırılmasına, beynəlxalq jurnallara maneəsiz çıxışın təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Akademik İsa Həbibbəyli alimlərin mühüm elmi uğurlara imza atmaları ilə müstəqil Azərbaycan dövlətinin və elmimizin daha da inkişaf etməsinə nail ola biləcəyimizi vurğulayıb: “Biz ölkəmizin inkişafı naminə elmimizi təbliğ etməliyik, azərbaycançılıq və dövlətçilik ənənələrinin inkişafı üçün elmin yeni nəslin yoluna işıq saçması, xalqa, dövlətə və millətə xidmət etməsi uğrunda ölkə başçısının bütün çağırışlarına cavab verməliyik”. Dövlətçilik və milli maraqlarımızın ölkənin hüdudlarından kənarda tanıdılması üçün ekspedisiya və arxeoloji qazıntıların həyata keçirilməsinin zəruriliyindən danışan İsa Həbibbəyli bu istiqamətdə xarici ölkələrlə birgə tədqiqatlar aparmağın əhəmiyyətini xüsusi qeyd edib.

Ümumi yığıncaqda İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan elmi müəssisələrdə 2019-cu ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib. Hesabat məruzələrində bu il bölmənin institutları və Milli Azərbaycan Tarixi Muzeyində əldə olunmuş mühüm elmi nəticələr, Azərbaycan Respublikası Prezidentinin sərəncamları və dövlət proqramları, Nazirlər Kabinetinin qərar və sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlər, həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verilib. Dövlət başçısının sərəncamları əsasında bir sıra mühüm tədbirlərin keçirilməsi, sanballı çap əsərləri, monoqrafiyaların ərsəyə gəlməsi, qabaqcıl elmi tədqiqat işlərinin müdafiə olunması haqqında danışılıb.

Sonra bir sıra kadr məsələlərinə baxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: