Elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda liderdir
2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.
Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir. 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir.
Xatırladaq ki, Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 2015-ci il dekabrın 22-də əməkdaşlıq müqaviləsi imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmmetrik bazası olan “Web of Science”ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.