Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı nəşr olunub.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, təqdim edilən araşdırma ermənilərin milli kimlik davasından başlayaraq, mövcud Ermənistan Respublikasının terror siyasətinə qədər olan dövrü əhatə edir. Nəşrdə erməni kilsəsinin yaranması və fəaliyyəti, alban kilsələrinə və kimliyinə sahiblənməsi, oğurlanan alban adları və abidələri haqqında yeni faktlar əks olunub. Kitabda, həmçinin erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər mövzular yer alıb.
Kitabda qeyd olunur ki, XVIII əsrin əvvəllərindən etibarən çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də öz növbəsində çar Rusiyasının İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə onlara açıq-aşkar dəstək verən isə erməni kilsəsi olub.
Müəllif yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir mənbələrə istinad edərək ermənilərin Qafqaza gəlmə olmasını və burada tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini sübut edib. Kitab erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilmiş kitabın redaktoru Elm Tarixi İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır.
Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.