Toponimlər tariximizdir: Altuntaxt

A- A A+

Naxçıvan torpağı coğrafiyamızı, dilimizi yaşadan ən qədim diyardır. Bu diyarı dərindən öyrənmək üçün milli yaddaşımızın daşıyıcısı olan “Kitabi-Dədə Qorqud Dastanı”ndan tutmuş “Naxçıvan Abidələri Ensiklopediyası” na qədər, həmçinin, rus dilində çap olunmuş elmi tədqiqat əsərlərini araşdırmadan, ümumiyyətlə, bu diyarı qarış-qarış gəzmədən, ömür-gününü dağlarda keçirən çobanlarla söhbətləşmədən, təbiəti sevən yaşlı insanlarla ünsiyyət qurmadan fikir söyləmək yanlış olar. 

Babək rayonu ərazisindəki Altuntaxt adlı təbiət abidəsi də qədim toponimlərdən biri kimi diqqəti cəlb edir. Bu abidə Qaraquç dağının şərq yamacında, şimal-qərb istiqamətində uzunluğu 500-600, eni 150-200 metr оlan düzənlik sahədə yerləşir (indiki Babək rayonunun Buzqov, Kəngərli rayonunun Çalxanqala kəndlərinin birləşdiyi ərazi). Cənubdan Bağırsaq dərə, şimaldan Buğa çeşmə, şərqdən isə Lizbirt dərələri ilə əhatə оlunur. Buradan cənubda Çalxanqala, şərqdə Salaxan qaya, Qazan yaylağı, şimalda Yeddi bulaq, Halla-Halla, Xan yurdu və başqa ərazilər “əl içi” kimi görünür. Arxa tərəfdən Qaraquç dağı ilə, üç tərəfdən dik yamaclarla əhatələnən bu yer ətrafa nəzarət etmək imkanı verir. Altuntaxt qədim türk dillərinin toponimyasında öz əksini tapır. Qədim mənbələrdən “Kitabi-Dədə Qorqud Dastanı”nda, Mahmud Kaşğarinin “Divan”ında, “İbn-Mühənna” lüğətində Altuntaxt toponiminə  rast gəlinir. Bu mənbələrdə “altun” sözü “aşağı, alt, qızıl, para, qiymətli mədən” kimi mənalarda işlədilir. Adın “altun” hissəsi “qızıl”, “qırmızı xəzinə”, “taxt” hissəsi isə “dağın üstündə olan düzənlik” mənasını ifadə edir. Fikrimizcə, oronim “dağ üzərində keyfiyyətli, bol bitkisi olan yer, xəzinə” mənasını bildirir. Azərbaycan dilində qızıl, qırmızı mənasında işlənən altun sözü bir çox  coğrafi obyekt adlarının yaranmasında iştirak edir.“Kitabi-Dədə Qorqud Dastanı” nın “Salur Qazanın evinin yağmalanması boyu”nda yazılır:“Qazan bək ordısını, oğlanını, uşağını, xəzinəsini aldı, gerü döndi altun təxtində, yenə evin dikdi”. “Altun” sözü Mahmud Kaşğarinin “Divan”ında da dəfələrlə işlədilmiş, “aşağı, alt, “qızıl, para” mənalarında açıqlanmışdır. Başqa bir mənbədə də “altun” sözünü “qiymətli mədən,  altun” mənasında işləndiyi yazılır. 

“Kitabi-Dədə Qоrqud Dastanı” nda Altuntaxtın adı оğuzların əsas yaşayış mərkəzlərindən biri kimi çəkilir.Coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü mərhum Səfərəli Babayev “Kitabi-Dədə Qorqud toponimləri” monoqrafiyasında Qazan xanın mərkəzi məskənlərindən biri kimi “Altuntaxt” toponiminin bir neçə yerdə olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası ərazisində, Qaraquç dağının döşündə yerləşdiyi qənaətinə gəlir. Monoqrafiyada “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”da da Qazan xanın söyləməsində “Ağ qayanın qaplanının erkəyində bir köküm var”, ifadəsindəki Ağ qayanın Naxçıvan ərazisindəki Qaraquç dağına (Altuntaxt) və Ağcaqala Sürməliyə yaxın olan Çalxanqaladakı “Ağ qaya” ya aid olduğu bildirilir. 

Lakin Əjdər Fərzəlinin “Dədə Qorqud yurdu” kitabındakı xəritəsində Ağ qayanın tarixi Azərbacan torpaqlarında olan Göyçə gölünün şimalında qala kimi qeyd olunması məkan və dastanda göstərilən zaman baxımından öz təsdiqini tapmır.

Sonda belə nəticəyə gəlirik ki, Altuntaxt toponiminin “Kitabi-Dədə Qorqud Dastanı”nda yer alması Naxçıvanın qədim türk yurdu, oğuz yurdu olmasından xəbər verir.

Cəmilə MƏHƏRRƏMOVA,

AMEA Naxçıvan Bölməsi  İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: