Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin rəhbəri Vaqif Məmmədov, Mühəndisi geofizika şöbəsinin rəhbəri Əvəz Salamov və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti Saleh Əliyevin həmmüəllifi olduqları “Azərbaycan Respublikası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazilərin mühəndisi geofiziki şəraiti” kitabı çapdan çıxıb.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, nəşrdə respublika ərazisində yerləşən böyük ölçülü göllərin hidrobiokimyəvi xüsusiyyətlərinin təbii və antropogen təsirli dövrlərdə dəyişmə istiqamətləri, onların parametrləri və ekoloji problemləri araşdırılıb, ekoloji şəraiti pozulmuş göllərin rekonstruksiyası yolları göstərilib.
Müəlliflər bildirir ki, göllərin su mühiti və dib çoküntülərinin bir sıra kəmiyyət və keyfiyyət göstəricilərinin tədqiqi və ekoloji şəraitin qiymətləndirilməsi çirklənmiş göllərin tənzimlənməsi işində yardımçı ola bilər. Kitabda, həmçinin gölətrafı ərazilərin geofiziki şəraiti qiymətləndirilib, Bibiheybət və Bayıl sürüşmə zonaları tədqiq edilib.
Yeni nəşr hidrologiya, hidrokimya, hidrobiologiya, ekologiya və geofizika sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.